İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədrliyi Azərbaycandan İrana keçib.
AzerTimes xəbər verir ki, bu barədə qərar təşkilatın Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında qəbul olunub.
Qeyd edək ki, bu gün Şuşada Azərbaycanın sədrliyi ilə İƏT-in Nazirləri Şurasının 27-ci iclası keçirilib. Toplantıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin, İran xarici işlər nazirinin müavini Mehdi Səfəri və təşkilata üzv olan digər dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.
Bundan başqa, Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu müşahidəçi qismində tədbirə qatılıb.
İclasda 2023-cü ildə İƏT kontekstində əməkdaşlıq çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilib, təşkilatın gündəliyində duran cari məsələlər müzakirə olunub.
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın daxil olduğu regional dövlətlərarası iqtisadi strukturdur. Azərbaycan 1992-ci ildən təşkilatın üzvüdür.