İƏT Modeli proqramının Azərbaycan üzrə mərhələsi öz işini bitirdi (FOTO)

18 iyun, 2021 Artıq 10 ildən çoxdur, Azərbaycanda uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının növbəti 2021-ci il milli mərhələsi öz işini başa çatdırıb.

AzerTimes xəbər verir ki, İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən bu proqramda Azərbaycanın bir sıra aparıcı ali məktəblərini təmsil edən və iştirak üçün müraciət etmiş 360 tələbə arasından seçilmiş 100 gənc 2 ay davam edən onlayn mühazirələrdə iştirak ediblər.

Tədbirin bağlanış mərasimində çıxış edən İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzi İdarə Heyətinin sədri Elçin Əsgərov proqramın tarixi, milli və beynəlxalq mərhələlərin xüsusiyyətləri, İƏT üzv ölkələrdə əhatə etdiyi gənclər hərəkatları, təhsil müəssisələri haqda məlumat verib, həmçinin gələn illərdə proqramın daha çox gənci əhatə edəcəyini bildirib.

Proqramın həmtəsisçisi qismində çıxış edən Azərbaycan Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev gənclərin 44 günlük müharibədə ölkəmizin əldə etdiyi parlaq qələbədən sonra gənclərin beynəlxalq diplomatiya sahəsində iştirakının vacib olduğunu bildirib, gəncləri bu sahədə təmsil etdiyi nazirliklə əməkdaşlıq etməyə çağırıb.
Tədbirin bağlanış mərasimində Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris və Təlim Texnologiyaları üzrə prorektoru Anar Rzayev Azərbaycanın keçən il əldə etdiyi qələbədən sonra beynəlxalq münasibətlərin xüsusi əhəmiyyət kəsb etməsini nəzərə çatdıraraq, bu kontekstdə İƏT Modeli proqramının vacibliyini vurğulayıb.


Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasser Əbdül Kərim İƏT Modeli proqramı təşkilatçılarına öz təşəkkürünü bildirərək, proqramda iştirak edən gənclərə pandemiya və böhranların artdığı bir dövrdə yaranmış çağırışlara hazırlıqlı olmağa çağırıb.
Qeyd etmək lazımdır ki, 2 ay davam edən proqram çərçivəsində yerli və xarici ekspertlər İslam sivilizasiyası, aktual xarakter kəsb edən regional münaqişələr, 44 günlük müharibədən sonra Cənubi Qafqaz regionunda yaranmış geosiyasi reallıqlar, pandemiya dövrünün qlobal çağırışları, İƏT arealında baş verən hadisələr, eləcə də sözügedən qurum haqda mühazirələr söyləyiblər. Eyni zamanda İƏT-in bəzi üzv-ölkələrinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, təmsil etdikləri ölkələri haqda, onların xarici siyasəti, beynəlxalq əlaqələri, eləcə də İƏT-də tutduqları mövqe haqda məlumat verib və tələbələrin suallarını cavablandırıblar.

Proqramın son mərhələsində iştirakçılar İƏT xarici işlər nazirlərinin beynəlxalq simulasiya konfransında gənclər üzv-ölkələrin xarici işlər nazirləri statusunda İƏT coğrafiyasında və dünyada baş verən siyasi, iqtisadi və humanitar xarakterli məsələləri, – bu ilin may ayında Qəzzada baş verən hadisələri, Yəməndə son illər ərzində davam edən siyasi böhran və vətəndaş müharibəsini, eləcə də Azərbaycanın öz ərazisinin bərpası uğrunda apardığı qalibiyyətli mübarizənin dəstəklənməsini müzakirə edərək yekun qətnamələr qəbul ediblər. Tədbirin bağlanış mərasimində simulyasiya oyunlarında xüsusi kreativliyi, fəallığı və bacarığı ilə seçilən gənclər və işçi qrupların xüsusi mükafatlarla təltif edilməsi elan edilib.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

Teqlər: