“İƏT Modeli – 2022” proqramı öz işinə başlayıb (FOTO)

Artıq 11 ildir Azərbaycanda hər il uğurla həyata keçirilən
“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər
Akademiyası” layihəsinə növbəti dəfə start verilib. İslam
Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional
Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin
birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2022-ci il
buraxılışı ilk mühazirə proqramı ilə öz işinə başlayıb. Bakı Dövlət
Universiteti, Dövlət İdarəçilik Akademiyası, Dillər Universiteti və
digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş
yüzlərlə tələbələr arasından seçilmiş 100-ə yaxın gəncin 2 ay
ərzində hər həftə baş tutacaq mühazirələrdə və sonda təşkil
olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı
nəzərdə tutulub.

Akademiyanın bu ilki buraxılışının Bakı Dövlət Universitetində
keçirilmiş açılış mərasimində çıxış edən İslam Əməkdaşlıq Gənclər
Forumunun Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) Baş Direktor
vəzifələrini icra edən Vüsal Qurbanov öncə layihənin tərəfdaşı kimi
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, eləcə də Bakı
Dövlət Universitetinə təşəkkürünü bildirib, sonra layihənin məqsəd
və mühazirə mövzuları barədə iştirakçılara ətraflı məlumat verib.
BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov öz
çıxışında universitet və İƏGF-ARM arasında bu proqram çərçivəsində
əməkdaşlığa yüksək qiymət verib. İslam Əməkdaşlıq Gənclər Forumunun
Baş Qərargahının nümayəndəsi Yunus Çolak İstanbuldan onlayn
formatda Beynəlxalq İƏT Modeli haqda iştirakçıları
məlumatlandırıb.

Daha sonra Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və
səlahiyyətli səfiri cənab Nəssir Əbdül Kərim Əbdül Rəhim “Müsəlman
dünyası və Fələstin məsələsi”, ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə isə “Müasir Diplomatiya və Azərbaycan Diplomatiyasının
Qarabağ Müharibəsində Rolu” mövzusunda çıxış ediblər. Mühazirəçilər
tələbələrin müxtəlif suallarını cavablandırıb.

Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT
məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək
vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və
üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni
bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində
keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı”
adlanan simulyasiya oyunlarında iştirak edir və münsiflər heyətinin
qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı
ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında
Azərbaycanı təmsil etmək hüququ qazanırlar.

Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT
miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə
nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli”
yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.

Bu il ərzində İƏGF-ARM, sözügedən tədbiri həmçinin Pakistan,
Tatarıstan (RF), Mərkəzi Asiya respublikaları və İndoneziyada
keçirməyi planlaşdırır.

Teqlər: