İƏT Milli Xəbər Agentlikləri Birliyinin saytında Prezident İlham Əliyevin İƏT-in Baş katibini təltif etməsi barədə material yerləşdirilib

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osayminə “Dostluq” ordeni təqdim etməsi barədə material yayımlanıb.

AzerTimes-ın məlumatına görə, saytın xəbərində İƏT-in Baş katibinin bu mükafata Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, Yusif bin Əhməd əl-Osaymin Azərbaycanın dövlət başçısını torpaqların işğaldan azad edilməsi və böyük Qələbə münasibətilə təbrik edib. O deyib ki, bu bizi çox sevindirir və sizinlə birlikdə, bizim də Qələbəmizdir.

Xəbərdə İƏT-in Baş katibinin Azərbaycanın xarici işlər naziri ilə görüş və birgə mətbuat konfransı keçirdiyi də diqqətə çatdırılıb.

İƏT-in Baş katibinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi və Bakıda keçirdiyi görüşlər barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi də materiallar yayıb.

Teqlər: