Dünən Bakı şəhərində yerləşən Globus Center-də İslam Əməkdaşlıq
Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM)
təşkilatçılığı və “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyin
tərəfdaşlığı ilə fevral ayında keçirilmiş “İƏGF-ARM-nin 1-ci Debat
Çempionatı”nın Azərbaycan üzrə milli mərhələsinin bağlanış mərasimi
baş tutub.
Qeyd etmək lazımdır ki, İƏT məkanında gənclərin intellektual
səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan
bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə
keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı
ilə beynəlxalq yarış baş tutur. İƏGF-ARM-nin təşəbbüsü ilə bu
layihə milli səviyyədə ilk dəfə Azərbaycanda keçirilib.
Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda bu
yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunacaq. Bu
il üçün yarışlara yalnız Azərbaycan, Mərkəzi Asiya respublikaları
və Avrasiya regionu hesab olunan bir sıra ölkələr qatılacaq.
Sonrakı illərdə yarışın arealının artırılması nəzərdə tutulur.
“Qarabağın bərpasında yerli yatırımlar xarici yatırımlardan
üstün olmalıdır” mövzusunda keçirilən çempionatda Azərbaycanın
aparıcı ali məktəblərində təhsil alan tələbələri təmsil edən 20-ə
yaxın komanda Bakı Dövlət Universitetində debatlara qatılaraq mövzu
üzrə müxtəlif təkliflərlə çıxış ediblər.
1-ci Debat Çempionatının fəaliyyətindən bəhs edən videoçarxın
nümayişindən sonra bağlanış mərasimində çıxış edən İƏGF-ARM-nin Baş
director vəzifələrini icra edən Vüsal Qurbanov və Vətəndaş
Cəmiyyətində Debatlar” ictimai birliyinin rəhbəri Ülviyyə Axundova
iştirakçıları salamlayaraq bu tipli tədbirlərin gənclərin liderlik
bacarıqlarının inkişafında, kreativ ideya və təkliflərin uğurlu
mübadiləsində oynadığı rolu xüsusi vurğulayıblar. Daha sonra
Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri Nicat Məmmədli,
Gənclər Fondunun nümayəndəsi Qədir Xəlilov, millət vəkilləri Vüqar
İsgəndərov və Müşfiq Cəfərov, eləcə də Azərbaycan Respublikası
Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev təbrik nitqi
ilə çıxış edərək gənclərə uğurlar arzu edib, eləcə də belə
tədbirlərin davamlı olmasının vacibliyini qeyd ediblər.
Sözügedən çempionatda xüsusi istedad və bacarıq nümayiş etdirmiş
komandalar mükafatlandırılmış,qaliblərə medallar və xüsusi
hədiyyələr təqdim olunmuşdur. Qalib komanda Azərbaycanın gənc
təmsilçiləri qismində bu il ərzində Orta Asiya ölkələrindən birində
keçiriləcək Beynəlxalq Debat Çempionatında iştirak etmək hüququ
əldə ediblər.