İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat
Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda şirkətlərin
rəqəmsallaşması” mövzusunda hibrid formatda tədbir keçirilib.
Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də İƏİT üzvü olan
ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının
nümayəndələri iştirak ediblər.
İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov
Azərbaycanın İƏİT-lə əlaqələrə önəm verdiyini, iqtisadi inkişafa və
şaxələndirməyə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində
beynəlxalq təcrübənin tətbiqi baxımından əməkdaşlığın əhəmiyyətini
vurğulayıb. Qeyd edilib ki, ötən ilin fevralından başlayaraq
İƏİT-lə müəssisələrin rəqəmsallaşdırılması sahəsində birgə
fəaliyyətə başlanılıb və bu sahədə mühüm işlər görülməkdədir. Nazir
müavini Azərbaycanda özəl sektorun inkişafı sahəsində həyata
keçirilən tədbirlər, rəqəmsallaşmanın tətbiqi, pandemiyanın və
xarici şokların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması
məqsədilə görülən işlərin müsbət nəticələri, Milli Prioritetlər,
işğaldan azad edilmiş ərazilərimizdə biznesin dirçəlişi, bu sahədə
yeni texnologiyaların və metodların tətbiqi barədə tədbir
iştirakçılarını ətraflı məlumatlandırıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İƏİT-nin
Azərbaycanda kiçik və orta biznesin (KOB) rəqəmsallaşdırılması
sahəsində təşəbbüslərinin önəmini vurğulayıb, KOB-ların inkişafı
istiqamətləri barədə danışıb. Qeyd edilib ki, iqtisadi inkişafda
vacib rol oynayan KOB-lar ölkədə sahibkarlıq subyektlərinin böyük
əksəriyyətini təşkil edir. Bu baxımdan, onların müasir trendlərə
uyğun inkişafı, o cümlədən rəqəmsallaşması mühüm əhəmiyyət kəsb
edir. Bildirilib ki, pandemiya KOB-ların fəaliyyətinə mənfi təsir
göstərib və rəqəmsallaşmanı daha da aktuallaşdırıb. Bütün bunlar
nəzərə alınmaqla rəqəmsallaşmanın geniş tətbiqinə xüsusi diqqət
yetirilir. O, KOB-ların rəqəmsallaşması, kiçik və orta sahibkarlığa
dəstək mexanizmləri, tətbiq edilən innovativ həllər və s.
istiqamətlərdə görülən işlər, nəzərdə tutulan tədbirlər barədə
ətraflı məlumat verib.
Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş
Direktorluğunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlıq
şöbəsinin rəhbəri Jerar Odaz İƏİT-nin üzv ölkələrdə davamlı
iqtisadi artıma, məşğulluq və həyat şəraitinin yüksəldilməsinə,
həmçinin şirkətlərin rəqəmsallaşması sahəsində təcrübənin tətbiqinə
töhfə verdiyini, bu baxımdan Azərbaycanda biznesin
rəqəmsallaşmasına dair hesabatların önəmini vurğulayıb.
Tədbirdə “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi”
və “COVID-19-dan sonra: Şərq Tərəfdaşlığı ölkələrində biznesin
rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında
hesabatların təqdimatı olub, müzakirələr aparılıb.