İdmançımız dünya çempionatında gümüş qazandı

İdmançımız dünya çempionatında gümüş qazandı

Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.

Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, mübarizəyə əsas mərhələdən başlayan milli komandamızın lideri Anna Başta ilk görüşündə Dominikan idmançısı Valentin Heyddisə 15:9 hesabı ilə qalib gələrək onaltıdabir finala yüksəlib. Bu mərhələdə kanadalı Medison Zurqudu 15:8 hesabı ilə məğlub edən Azərbaycan qılıncoynadanı səkkizdəbir finalda İtaliya sablyaçısı Martina Kriskioyanı mübarizədən kənarlaşdırıb – 15:6.

Dünya reytinqinin 1 nömrəsi olan qadın sablyaçımız dörddəbir finalda yunan Teodora Qkountouranı 15:11 hesabı ilə məğlubiyyətə uğradıb. Yarımfinalda Annanın rəqibi digər yunan sablyaçısı Despina Georgiadou olub. Rəqibi üzərində 15:9 hesablı qələbə qazanan sablyaçımız həlledici görüşdə Yaponiya idmançısı Emura Misaki ilə qarşılaşıb. Rəqibinə 10:15 hesabı ilə uduzan sablyaçımız dünya çempionatının gümüş medalını qazanıb.

Cari mövsüm 2 Dünya Kubokunun və 1 Qran-Prinin mərhələ yarışının qalibi olan sonuncu Avropa çempionu Anna Baştaya dünya reytinqinin 1 nömrəsi olaraq ilin sonunda keçiriləcək FIE-nin konqresində Dünya Kuboku təqdim ediləcək. Daha öncə bu titula Yelena Jemayeva layiq görülüb.

Teqlər: