Martın 15-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
təltif edilmiş idmançıların mükafatlandırılma mərasimi
keçirilib.
Gənclər və İdman Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Tokio 2020 Yay Olimpiya və Paralimpiya oyunlarında mükafat qazanmış
Azərbaycan idmançılarının təltifetmə mərasimində gənclər və idman
naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Çingiz Hüseynzadə çıxış ediblər. Tokioda uğur qazanmış idmançıları
yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik
edərək onlara qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay
Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.
Sonra gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif
edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal
və vəsiqələrini təqdim edib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 12 avqust
2021-ci il tarixli və 6 sentyabr 2021-ci il tarixli sərəncamları
ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər “Vətənə
xidmətə görə” ordeni, 2 nəfər “Əmək ordeni”, 7 nəfər “Tərəqqi”
medalı, 5 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı
yüksək nəticələrə görə 4 nəfər “Şöhrət” ordeni, 14 nəfər “Vətənə
xidmətə görə” ordeni, 3 nəfər “Əmək ordeni”, 3 nəfər “Azərbaycan
Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə “Tərəqqi”
medalı ilə təltif ediliblər.