İdman gimnastikası üzrə Dünya Kubokunda rəqiblər güclü olacaq, amma biz mübarizə aparacağıq – Milana Minakovskaya

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən idman gimnastikası üzrə FIG Dünya Kubokunda
rəqiblər güclü olacaq, amma biz mübarizə aparacağıq.

Bunu AzerTimes-a idman
gimnastikası üzrə Azərbaycan birinciliyinin və Bakı çempionatının
iştirakçısı, azərbaycanlı idmançı Milana Minakovskaya deyib.

Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Bakıda Milli
Gimnastika Arenasında keçiriləcək kişi və qadın idman gimnastikası
üzrə FIG Dünya Kubokunda Milana Minakovskaya müxtəlif hündürlüklü
qollar, gimnastika tiri, sərbəst hərəkətlər nümayiş etdirəcək.

“Dünya çempionatına hazırlıq tam sürətlə gedir, biz hər gün
işləyirik. Gündə iki dəfə məşq edirik. Dünya çempionatında mənim
üçün ən vacibi proqramı təmiz və inamlı şəkildə başa vurmaq, finala
çatmağa çalışmaqdır”, – M.Minakovskaya bildirib.

Azərbaycan birinciliyi və Bakı çempionatındakı çıxışından
danışan idmançı proqramından razı qaldığını qeyd edib.

“Çıxış yaxşı keçdi, proqramı tam şəkildə yerinə yetirdim. Ümid
edirəm ki, Dünya Kubokunda daha yaxşı nəticə göstərəcəyəm”, –
gimnast bildirib.

Qeyd edək ki, martın 25-26-da Milli Gimnastika Arenasında
keçirilən Qadın idman gimnastikası üzrə 6-cı, Kişi idman
gimnastikası üzrə 27-ci Azərbaycan Birinciliyi və Bakı
Çempionatında Ocaq Sport, Bakı Gimnastika Məktəbi, Sumqayıt
Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən 69
idmançı qüvvəsini sınayıblar.

Yarışda gimnastlar balacalar (kişilər-2013-2014/qadınlar –
2014-2015), uşaqlar (kişilər – 2011-2012/ qadınlar – 2012-2013),
yeniyetmələr (kişilər – 2009-2010/qadınlar – 2010-2011), gənclər
(kişilər – 2005-2008/qadınlar – 2007-2009), böyüklər (kişilər
2004-cü il təvəllüdlü və daha böyük/ qadınlar 2006-ci il təvəllüdlü
və daha böyük) yaş kateqoriyaları üzrə öz ustalıqlarını nümayiş
etdiriblər.

Teqlər: