Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN”, “ASPİLSAN” və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.
Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.