Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Şəhərsalma məsələləri üzrə, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi qruplarının Xocavənd rayonunun Hadrut qəsəbəsində birgə iclası keçirilib. Toplantıda İşçi qruplarına daxil olan nazirliklərin, agentliklərin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Trend xəbər verir ki, iclası giriş sözü ilə açan Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun rəhbəri Fərəh Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə və Azərbaycan Ordusunun yenilməzliyi sayəsində Vətən müharibəsində qazanılmış böyük Qələbənin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin də eyni yenilməzlik ruhu ilə həyata keçirildiyini vurğulayıb. İşçi qruplarının birgə iclasının işğaldan azad edilmiş ərazilərdə keçirilməsinin görülən işlərin səmərəliliyinin artırılmasında mühüm addım olduğunu diqqətə çatdırıb.
Sonra Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının katibliyinin müdiri Nüsrət Süleymanov çıxış edərək Qərargah tərəfindən görülən işlərin sistemli xarakter daşıdığını bildirib, İdarələrarası Mərkəzin müvafiq İşçi qruplarının fəaliyyətinə toxunub, aidiyyəti dövlət qurumları tərəfindən Qarabağ bölgəsində həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə aparılan işlərin artım dinamikasını nəzərə alaraq əlaqələndirmə fəaliyyətlərinin daha sıx şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.
İclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini, Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun rəhbəri Namiq Hümmətov işğaldan azad edilmiş ərazilərin Ümumi və Baş planlarının hazırlanması, şəhərsalma layihələri istiqamətində görülən işlər barədə iclas iştirakçılarına məlumat verib. Qarabağ bölgəsində yerləşən kənd və qəsəbələrin inkişafı məsələsinin ayrıca yanaşma tələb etdiyi, bu məqsədlə 5 kənd və 1 qəsəbənin gələcək memarlıq simasının müəyyən olunması üçün Komitə tərəfindən “Qədim Qarabağın yenilənən siması” müsabiqəsinə start verildiyi bildirilib. Hazırda iştirakçılar tərəfindən layihələrin müsabiqəyə təqdim edilməsi müddəti yekunlaşıb və həmin layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi prosesinə başlanılır. Qeyd olunub ki, bu müsabiqənin işğaldan azad edilmiş digər kənd və qəsəbələr üzrə də davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.
Çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov bölgədə icra olunan infrastruktur layihələrinin sürətli və planlı şəkildə həyata keçirildiyini, yolların layihələndirilməsi və vahid planların hazırlanması işləri ilə bağlı qardaş Türkiyə şirkətlərinin cəlb edildiyini vurğulayıb. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə qanunsuz telekommunikasiya xidmətlərinin qarşının alınması üçün işlərin görüldüyü, 7 rayon üzrə radioloji və radioekoloji tədqiqatların aparıldığı bildirilib.
Həmçinin iclasda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, nəqliyyat və telekommunikasiya infrastrukturu layihələrinin icra vəziyyəti, mədəni irsin və tarixi-mədəniyyət abidələrinin qorunması, Ağdam və Şuşa şəhərlərində tarixi mədəniyyət abidələrinin bərpası məsələlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, səfər çərçivəsində Elm, təhsil və mədəniyyət məsələləri üzrə İşçi Qrupunun üzvləri Ağdamda səfərdə olub, yenidənqurma və bərpasına ehtiyac duyulan tarix, mədəniyyət abidələrinə baxış keçiriblər. Şəhərsalma məsələləri və Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qruplarının isə Füzuli və Şuşa şəhərlərinə səfərləri baş tutub. Dövlət qurumlarının əməkdaşları tərəfindən Füzuli Beynəlxalq Hava Limanının və Zəfər yolunun tikinti işlərinə, Füzuli-Hadrut avtomobil yolunda aparılan minatəmizləmə prosesinə baxış keçirilib, qrup üzvlərinə Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması haqqında məlumat verilib. Şuşa şəhərinə səfər zamanı isə Şuşa Radio-Televiziya Yayım Stansiyası, Şuşa Rabitə Qovşağının binası və mövcud yol infrastrukturu ilə tanışlıq olub, şəhərin ilkin planlaşdırma layihələrinə baxış keçirilib.
Diqqətə çatdıraq ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası işlərinin mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, məlumat mübadiləsinin təşkili məqsədilə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin İşçi qruplarının iclasları mütəmadi şəkildə keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.