İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib. İclasda İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı yerinə yetirilən tədbirlər nəzərdən keçirilib.

AzerTimes xəbər verir ki, Energetika Nazirliyinin rəhbər vəzifəli şəxslərindən ibarət nümayəndə heyətinin Şuşa şəhərinə səfəri barədə məlumat verilib. Şəhərdə müvafiq binaların istilik təchizatı ilə bağlı verilmiş tapşırıqların icra edilmiş olduğu və istilik enerjisi təminatının başladığı qeyd edilib. İsti su təminatı ilə bağlı məsələlərin də həllini tapdığı, bəzi istehlakçılar tərəfindən öz məsuliyyət sahələrinə aid sahələrdə daxili avadanlıqların quraşdırılması işlərinin sürətəndirilməsi istiqamətində tapşırıqlar verildiyi bildirilib.

Müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən Şuşa, Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər rayonlarında enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı ötən həftə ərzində həyata keçirilən tədbirlər, yarımstansiyaların tikintisi, elektrik xətlərinin çəkilişi, kabellərin yenilənməsi, dayaqların və transformatorların quraşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Kəlbəcər və Laçın rayonlarında hərbi hissələrin elektrik enerjisi təchizatı ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib.

Ağdam-1 yarımstansıyasına ötən həftə artıq gərginliyin verildiyi və test rejimində istismar edildiyi, bu həftə ərzində isə Ağdam-2 yarımstansiyasına gərginliyin veriləcəyi diqqətə çatdırılıb. Laçın şəhərində hazırda 2 yarımstansiyanın işlək vəziyyətdə olduğu, gələcəkdə yeni yarımstansiyanın tikintisinin nəzərdə tutulduğu bildirilib.


Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisinə dair görülən işlər müzakirə edilib, birgə texniki komissiyanın növbəti görüşlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair məlumatlar dinlənilib. İşçi Qrupunun üzvü olan aidiyyəti dövlət qurumları tərəfindən sistemə daxil ediləcək müvafiq məlumatların mütəmadi yenilənməsinin və operativliyin təmin olunmasının vacibliyi vurğulanıb.

İclasda İşçi Qrupunun fəaliyyətindən irəli gələn digər cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Teqlər: