Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclası keçirilib.
Trend xəbər verir ki, iclasda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı həftə ərzində həyata keçirilmiş tədbirlər haqqında danışılıb. Ərazilərin enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər müzakirə edilib, həmçinin, elektroenergetika infrastrukturu, ötürücü və paylayıcı şəbəkələr, yarımstansiyalar, istilik təchizatı üzrə görüləcək işlər və atılacaq növbəti addımlar haqqında müvafiq qurumların nümayəndələri tərəfindən təqdim edilmiş məlumatlar dinlənilib. İşçi Qrupunun ötən iclaslarında qəbul edilmiş qərarların icrası ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib.
Müvafiq ərazilərdə enerji infrastrukturunun bərpası ilə bağlı sahə işləri zamanı texniki təhlükəsizlik qaydalarına, xüsusi ilə yanğın təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsinin, müvafiq sahədə məlumatlılığın artırılmasının zəruriliyi vurğulanıb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 3 may tarixli 2620 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrasının gedişi barədə müzakirələr aparılıb. “Yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması ilə əlaqədar Yaponiyanın “TEPSCO” şirkətinin təqdimatı dinlənilib.
Şuşa şəhərində müəyyənləşdirilmiş obtyektlərin növbəti istilik mövsümündə isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların tikintisi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr, atılacaq növbəti addımlar və planlar haqqında məlumat verilib.
Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının tikintisi ilə bağlı, həmçinin “Qız Qalası” hidroqovşağının su ilə doldurulması üzrə görülən işlərə dair məlumat verilib, suallar cavablandırılıb.
İclasda, həmçinin işğaldan azad edilmiş ərazilərdə enerji təminatı ilə bağlı həyata keçirilən tədbirlərlə əlaqədar yerli, habelə Birləşmiş Krallıq və İsrail şirkətlərindən daxil olmuş təkliflər, avtomobil yolunun keçdiyi hissələrdə kommunikasiya xətlərinin tikintisi ilə bağlı əlaqələndirmə işlərinin təşkili və sair kimi bir sıra məsələlər müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.