İctimai yerlərdə abidələrin ucaldılması və demontajı ekspert Komissiyasının rəyinə uyğun olaraq aparılmalıdır – Nazirlik

İctimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir

Trend xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı ilə bağlı yaydığı məlumatda əks olunub.

Məlumatda bildirilib ki, heykəllər, büst və barelyeflər qədim zamanlardan günümüzə kimi həyatımızda mövcud olan mühüm sənət nümunələridir. Dünya şəhərsalma və memarlığında tarix boyu bu sənət nümunələrinin rolu böyük əhəmiyyət kəsb edib. Əksər hallarda açıq havada, böyük şəhərlərin meydanlarında, bağlarda, bəzən isə ictimai binaların daxilində mühüm tarixi hadisələrin, siyasi xadimlərin, sərkərdələrin, mütəfəkkirlərin, yazıçıların, xalqın rəğbətini və hörmətini qazanmış şəxsiyyətlərin şərəfinə möhtəşəm monumental heykəltəraşlıq abidələri ucaldılır.

Ucaldılan hər bir monumental əsər vətəndaşlarımızla yanaşı, həm də ölkəmizə səfər edən xarici qonaqlar və turistlərdə də ölkəmiz haqqında fikir formalaşdırır. Bu səbəbdən ölkə ərazisində hər bir abidənin bədii, elmi əhəmiyyəti, onun konsepsiyası, insanlarda yaratdığı təəssürat və s. cəhətləri nəzərə alınaraq ucaldılmalıdır.


Lakin son zamanlar ölkə ərazisində ictimai və tarixi məkanlarda aidiyyəti qurumlarla razılaşdırılmadan müxtəlif abidə, heykəl, büst və barelyeflərin quraşdırılması hallarına təsadüf edilir. Estetik görünüşü və bədii konsepsiyası əksər hallarda yerləşdiyi ərazinin memarlıq görkəminə uyğun gəlməyən həmin abidələr ictimaiyyət tərəfindən birmənalı qarşılanmır.

Abidələrin ümumi görünüşünün qorunub saxlanılması məqsədləri üçün 2009-cu ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət ekspert Komissiyası fəaliyyət göstərir.

Bununla əlaqədar bildiririk ki, ictimai yerlərdə monumental abidələrin (heykəl, büst, barelyeflərin) ucaldılması və demontajı ilə bağlı layihələr bu sahədə peşəkar mütəxəssislər tərəfindən bədii və elmi cəhətdən qiymətləndirildikdən sonra Komissiyanın müvafiq rəyinə uyğun olaraq həyata keçirilməlidir.

Teqlər: