Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri Sabunçu rayonu Pirşağı və Ramana qəsəbələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər.
Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin payızında ərazilərimizi erməni işğalından azad etməsi nəticəsində məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yarandığı, hazırda həmin ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, minatəmizləmə əməliyyatlarının aparıldığı, infrastruktur layihələrinin icra edildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, dövlətimizin başçısının tapşırığı ilə bərpa-quruculuq işlərinə başlanılıb, şəhər və kəndlərin yenidən qurulması üçün tədbirlər həyata keçirilir.
Məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətində yeni reallıqların nəzərə alındığı, böyük qayıdışa hazırlıq görüldüyü, bu məqsədlə maarifləndirmə və təşviqat tədbirlərinin aparılmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Dövlət Komitəsi və onun yanında fəaliyyət göstərən İctima Şura bu istiqamətdə fəal əməkdaşlıq edirlər.
İctimai Şuranın üzvləri hər bir köçkünü fərdi şəkildə dinləyib, onların müraciətlərini qeydə alıblar. Bütün müraciətlər Dövlət Komitəsinin aidiyyəti şöbələrinə çatdırılıb.
Bundan başqa, məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı istək və təkliflərini də bildiriblər. İctimai Şura bununla bağlı hesabat hazırlayaraq Dövlət Komitəsinə təqdim edəcəkdir.