Sosial xidmətlər sahəsində yaradılan “Elektron keys menecment” sistemi bu sahədə vahid mərkəzdən olmaqla müasir idarəçilik-monitorinq mexanizminin formalaşmasına, xidmətlərin keyfiyyətinin artırılmasına imkan verəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüşdə bildirib. O, həssas əhali qruplarının sosial dəstəklə təmin olunması, sosial xidmətlər sisteminin əhatə dairəsinin genişləndirilməsi sahələrdə aparılan işləri diqqətə çatdırıb.
Böyük Zəfərlə yekunlaşan 2-ci Qarabağ savaşından sonrakı dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilərlə bağlı görülən sosial dəstək tədbirləri qeyd olunub. 2950 ailənin psixo-sosial dəstəklə təmin edildiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının dəfələrlə genişləndiyi vurğulanıb. Ötən dövrdə şəhid ailələri və müharibə əlillərinə 9620 mənzil və fərdi ev, müharibə əlillərinə 7200-dən çox avtomobil verildiyi bildirilib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə 11 min, o cümlədən 2021-ci ildə 3 minədək mənzil və fərdi evin bu kateqoriyadan olanlara veriləcəyi qeyd olunub.
Görüşdə sosial xidmətlərin keyfiyyətinin və operativliyinin, əlçatanlığının artırılması, bu sahədə elektron infrastrukturun yaradılması, yeni sosial xidmət müəssisələrinin istifadəyə verilməsi istiqamətlərində aparılan işlərdən bəhs olunub. İctimai şura ilə birgə görüləcək işlər müzakirə olunub.