İctimai işlər proqramı üzrə hazırda 56 min insan çalışır

Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan ödənişli ictimai işlər proqramı işsiz və iş axtaran şəxslərin məşğulluq məsələlərinin operativ həllində mühüm rola malikdir. Bu gün məqsəd bu proqrama cəlb olunan, ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnmələri üçün proqramın imkanlarının artırılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ödənişli ictimai işlər proqramının təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş iclasda bildirib.

Nazir qeyd edib ki, hazırda 56 min insanın çalışdığı ödənişli ictimai işlər proqramı getdikcə şaxələndirilir, əhatə etdiyi fəaliyyət sahələri aidiyyəti qurumlarla birgə layihələr əsasında genişlənir və bu proses davam edəcək. Beləliklə, proqramın işçi qüvvəsinin məşğulluqla yanaşı, müxtəlif fəaliyyət sahələrində işləyərək müvafiq peşələrə sahiblənmək imkanları da artmış olur. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihə əsasında proqram üzrə 2 min şəxs baytar köməkçisi işinə cəlb olunub və bu fəaliyyət həmin şəxslərə təkcə aylıq əməkhaqqı deyil, həm də baytarlıq üzrə ilkin peşə bacarıqları qazandırır. Həmin peşə bacarıqları hesabına da gələcəkdə müstəqil şəkildə məşğulluq imkanları əldə edə biləcəklər.

S. Babayev eyni zamanda, proqramın icrası işlərinin peşə hazırlığı sistemi ilə əlaqəli təşkilinin önəmli ola biləcəyini deyib. Bildirib ki, hazırda ödənişli ictimai işlərdə çalışanların müəyyən peşələrə olan maraqları, ilkin bacarıqları, müsbət iş təcrübələri əsasında onların peşə hazırlığı kurslarına yönləndirilməsi təmin edilə bilər. Ümumilikdə, ictimai işlər proqramı bu işlərə cəlb olunan, ilkin peşə hazırlığı olmayan işsiz və iş axtaranların müəyyən peşə bacarıqlarının formalaşmasına və inkişafına da öz dəstəyini verməli və onlar üçün müxtəlif peşə sahələri üzrə daimi məşğulluğa keçid imkanı yaratmalıdır.

Nazir ictimai işlər portalının yaradılmasının önəmini vurğulayıb. Proqramın icrası üzrə fəaliyyətin optimallaşdırılması, iş yükünün və sənəd axınının azaldılması, kağız üzərində məlumatların toplanmasının aradan qaldırılması, monitorinq-nəzarət imkanlarının gücləndirilməsi və bu sahədə operativliyin təmin edilməsi baxımından portalın xüsusi önəmini vurğulayıb.

İclasda Nazirliyin tabeliyindəki “DOST İş” Mərkəzinin direktoru Firudin Cəbrayılov mərkəzin ötən dövrdə gördüyü işlər və qarşıda duran vəzifələr barədə təqdimatla çıxış edib. Həmçinin ictimai işlər üzrə monitorinqlərin təşkili, elektronlaşma proqramının icrası və s. üzrə təqdimatlar edilib, müzakirələr aparılıb.

Teqlər: