Xəzər rayonu, Şağan 1 Təzə Sahə Massivində – Buzovna-Bilgəh yolunun kənarında şəhid Allahverdi Allahvediyevin xatirəsinə tikilmiş bulaq kompleski ötən gecə İcra Hakimiyyəti tərəfindən sökülüb.
Bu barədə AzerTimes-a şəhidin atası Əli Allahverdiyev məlumat verib.
“Məni İcra Hakimiyyətinə çağırıb dedilər ki, bulaq sökülməlidir. Əvvəl xahiş etdim ki, sökməsinlər. Amma məni dinləmək istəmədilər və mübahisə yarandı. Mənə əmrin “yuxarıdan” gəldiyini və o bulağın mütləq söküləcəyini dedilər. Polislərin iştirakı ilə bulağı gəlib sökdülər”, – şəhid atası deyir.
Xəzər rayon İcra Hakimiyyəti sorğumuza cavab verməyib.
Qeyd edək ki, şəhid Allahverdi Allahverdiyevin adına inşa edilən bulağın açılış mərasimində rayon icra başçısı şəxsən iştirak etmişdi.