Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sabiq sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin keçmiş müdiri Anar Cəfərov azadlığa buraxılıb.
AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, 2021-ci ildə 8 il müddətinə azadlıqdan məhrum eddilən Anar Cəfərov səhhətindəki problemlərlə əlaqədar azad edilib.
Qeyd edək ki, o, 2020-ci il fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, RİH-nin ictimai- siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqova, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, Neftçala rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov və Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidovla birlikdə həbs olunmuşdu.
O zaman yayılan rəsmi məlumatda qeyd olunurdu ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə – bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilmişdi.
Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilmişdi.
29 oktyabr 2021-ci ildə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, sabiq icra başçısı İsmayıl Vəliyevə 10 il, Gültəkin Sadıqovaya 6 il 6 ay, Telman Zahidova 8 il 3 ay, Əjdər Kərimovaya 8 il 6 ay, Anar Cəfərova 8 il, Vurğun Əkbərova 9 il, Vüqar Nağıyevə 8 il həbs cəzası verilmişdi.