İçməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun
olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə
tədbirlər davam etdirilir. İçməli sudan qanunsuz istifadə
hallarının aşkarlanması və aradan qaldırılması məqsədilə “Azərsu”
ASC tərəfindən yaradılmış xüsusi qrupların araşdırmaları
nəticəsində Suraxanı rayonunda sudan uçotsuz və sayğacdankənar
xətlərdən istifadə halları aşkarlanıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Suraxanı rayonu
Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində fəaliyyət göstərən
“Fiday” təhsil mərkəzinin içməli su və kanalizasiya sistemlərinə
baxış keçirilərkən məlum olub ki, obyekt kommunikasiya sistemlərinə
qanunsuz qoşulub. Başqa sözlə, obyekt sahibi texniki şərt almadan,
müqavilə bağlamadan su və kanalizasiya xidmətlərindən qanunsuz
istifadə edib.

Dədə Qorqud qəsəbəsi yaxınlığında isə böyük ərazidə əkin
sahəsinin qanunsuz çəkilmiş xətlə suvarıldığı aşkar olunub. Bu
barədə məlumat daxil olan kimi, “Azərsu” ASC-nin əməkdaşları dərhal
əraziyə baxış keçirib. Məlum olub ki, 400 mm diametrli magistral
xəttin qamışlıq ərazisindən keçən hissəsindən 32 mm diametrli
borularla gizli yolla çəkilmiş su xətləri ilə əkin sahələri
suvarılırmış.

Rayon ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqəsində də
qanunsuz istifadənin qarşısı alınıb. Ötən müddətdə Hövsan, Suraxanı
və Zığ qəsəbələrində fərdi yaşayış evlərində də sudan qanunsuz
istifadə halları aşkarlanıb. Məlum olub ki, vətəndaşlar yaxınlıqdan
keçən şəbəkə xətlərinə müxtəlif diametrli borularla qanunsuz
qoşulmaqla sudan sayğacdankənar istifadə edilblər. Aşkarlanmış hər
bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına çəkilmiş xətlər və
qoşulmalar ləğv edilib, Sudan İstifadə qaydalarının tələblərinə
uyğun olaraq qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

“Azərsu” ASC vətəndaşları və sahibkarları bir daha bu cür
əməllərdən çəkinməyə çağırır və bildirir ki, belə qanunazidd
halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək,
özbaşına çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar
törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət
olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral aylarında içməli sudan
qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 1291 fakt aşkarlanıb.
Həmin hallar üzrə 344 min kubmetr həcmində sərfiyyat bərpa olunub.
İlin əvvəlindən Suraxanı rayonunda aşkarlanmış 26 qeyri-qanuni
istifadə faktının aşkarlanması nəticəsində 6 min kubmetr sərfiyyat
bərpa olunub.

Teqlər: