İcmadan Klaara cavab: Fransanın İrəvana silah satması…

İcmadan Klaara cavab: Fransanın İrəvana silah satması…

Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirib.

AzerTimes xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında bildirilib.

Məlumata görə, T. Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar edib:

“Bununla kifayətlənməyən Klaar Azərbaycanın Qarabağ regionundan köçüb getmiş ermənilərinin xüsusi hal olduğunu vurğulayıb.

Göründüyü kimi, AB nümayəndəsi özünə insanlara etnik mənsubiyyətinə görə hüquq vermək “səlahiyyəti” icad edib.

Cənab Klaarın Ermənistandan zorla qovulmuş azərbaycanlılara münasibətdə sərgilədiyi bu münasibət onun özünün və təmsil etdiyi qurumun etnik və dini əsasda ayrı-seçkiliyinin sübutudur. AB rəsminin Qarabağ ermənilərinin məsələsini xüsusi vurğulaması isə bu qurumun münaqişənin həll edilməsini və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməməsinin göstəricisidir. Bütün bunlar, eləcə də AB-nin Ermənistana hərbi yardım ayırması, bu ölkənin sanksiya qaçaqmalçılığı yolu ilə külli miqdarda vəsait əldə edib silahlanmaya sərf etməsinə göz yumması və Fransa kimi AB üzv ölkələrinin Ermənistana böyük miqdarda silah satması regionda gərginlik yaratmağa xidmət edir.

Qərbi Azərbaycan İcması AB rəsmisinin Ermənistandan qovulmuş azərbaycanlılara qarşı irqçi ayrı-seçkiliyini, Azərbaycanın daxili işlərinə qarışmasını və regionda gərginlik yaratmağa xidmət edən bəyanatını sərt şəkildə qınayır. İcma AB-dən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsinə uyğun olaraq insanların hüquq bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan qovulmuş azərbaycanlılara münasibətdə nümayiş etdirdiyi ayrı-seçkiliyə son verməyi və onların qayıdış hüquqlarına hörmət etməyi tələb edir”.

Teqlər: