Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlumatlandırıcı məktub ünvanlayıblar. Britaniya Azərbaycan Cəmiyyəti və Qlazqo, Aberdin Tələbə Cəmiyyətləri, eləcə də Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbənin adından Parlament üzvlərinə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından isə Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda bu məsələyə dəstək verən deputatlar ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.