İçərişəhərin qala divarlarının bərpası yekunlaşmaq üzrədir (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

“İçərişəhər”in qala divarlarının restavrasiyası başa çatmaq üzrədir.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, qurum tərəfindən 15.11.2020-ci il tarixində İçərişəhərin Qala divarlarının “Qubernator” bağı istiqamətindəki divar daşlarının tökülməsi müşahidə edilib:

“Yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır. Qeyd edək ki, İçərişəhərin Qala divarının 900 metr uzunluqda olduğunu nəzərə alaraq uzun illər bərpa-restavrasiya edilməyən və illərcə atmosfer yağıntılar və klimatik təsirə məruz qalan bu abidənin mərhələli şəkildə bərpa-restavrasiyasına başlanılıb. Bərpa-restavrasiya işləri “Atelier Erich Pumer” tərəfindən həyata keçirilib və başa çatmaq üzrədir. Ümumilikdə ərazi boyunca 130 kv.m divar bərpa olunub”.

Həmçinin qeyd olunub ki, idarə tərəfindən bu işlər müvafiq plan üzrə həyata keçirilir:

“Plana əsasən, İdarə qarşıdakı bir neçə il ərzində İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesini həyata keçirməyi planlaşdırır. Belə ki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilmişdi. Hər zaman olduğu kimi milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün bütün lazımi tədbirlər görüləcək”.

Twitter: @cingizsafarli

Teqlər: