İçərişəhərdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edildi (FOTO)

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cı ildönümü ilə
əlaqədar “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin və
Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə
təşkilatçılığı ilə “Tarixi abidələrin qorunmasında Heydər Əliyevin
rolu” adlı elmi-praktiki seminar keçirilib.

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsindən AzerTimes-a
verilən məlumata görə, silsilə tədbirlər çərçivəsində Tahir
Salahovun ev-muzeyində keçirilən seminarda “İçərişəhər” DTMQİ İdarə
Heyətinin sədri Şahin Seyidzadə, YAP Səbail rayon təşkilatının
sədri Muxtar Nağıyev, İdarənin əməkdaşları və YAP nümayəndələri
iştirak etmişlər. Tədbiri salamlama nitqi ilə açan Şahin Seyidzadə
Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün
etdiyi mühüm tarixi xidmətlərindən, İçərişəhərin, eləcə də
Azərbaycan ərazisindəki maddi-mənəvi, tarixi-memarlıq abidələrinin
qorunması və tanıdılması məqsədi ilə mühüm ümumbəşəri
fəaliyyətindən bəhs etmişdir.

Muxtar Nağıyev öz çıxışında Heydər Əliyevin ölkənin hərtərəfli
inkişafı üçün həyata keçirdiyi mühüm islahatlardan, onun
uzaqgörənliyi nəticəsində bu gün Azərbaycanın qüdrətli dövlətə
çevrilməsindən, onun əvəzsiz xidmətlərindən bəhs etmişdir.

Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev mədəni irsin
qorunub saxlanmasına, bərpasına, təbliğinə böyük önəm verirdi.
Müdrik dövlət başçısı milli şüurun formalaşmasında, milli-mənəvi
dəyərlərin aşılanmasında, vətənpərvər nəsillərin yetişdirilməsində
tarixi keçmişin, maddi-mədəniyyət abidələrinin tərbiyəvi rolunu
yüksək qiymətləndirir və vacib amil hesab edirdi.

O dövrün sənədlərində xüsusi yer İçərişəhərə ayrılırdı. Əsas
məqsəd əsrlərlə formalaşan tarixi məkanın, bir qədim şəhərsalma
nümunəsi kimi qorunub saxlanması və olduğu kimi gələcək nəsillərə
çatdırılması idi. 1977-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
və dəstəyi ilə İçərişəhər qoruq elan edilmişdir. Ümummilli
liderimizin artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtda isə
2000-ci ildə İçərişəhər UNESCO-nun Dünya Mədəni İrs Siyahısına
daxil edildi.

Seminar boyunca təməli Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan dövlət quruculuğu prosesinin bu gün müasir dövrün
tələblərinə uyğun şəkildə Prezident İlham Əliyev tərəfindən
əzmkarlıqla davam etdirildiyi vurğulanıb.

Teqlər: