“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə
heyətinin sədri Şahin Seyidzadənin AzerTimes-a müsahibəsi
1983-ci ildə UNESCO-nun Tarixi Yerlər və Abidələrin Mühafizəsi
Şurasının Assembleyası aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi
Yerlər günü olaraq müəyyən edib. Bu gün beynəlxalq səviyyədə ilk
dəfə 1984-cü ildə qeyd olunub. Coğrafi mövqe baxımından müasir
Azərbaycan ərazisində altı mindən çox tarixi-memarlıq abidəsi
mövcuddur. Azərbaycanın UNESCO Ümumdünya irs obyektləri siyahısına
daxil olunan ilk memarlıq və tarixi abidələrindən biri 2000-ci ildə
Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə bütün İçərişəhər
olub. İçərişəhər Ümumdünya İrs Şəhərləri Təşkilatı (OWHC), İslam
Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA),
Avropa Muzey Təşkilatları Şəbəkəsi (NEMO) ilə sıx əməkdaşlıq edir.
Onu İtaliyanın Roma və Matera, Pakistanın Lahor şəhərləri ilə
əməkdaşlıq bağları əlaqələndirir.
Bu gün, Beynəlxalq Abidələr və Tarixi Yerlər günündə müsahibimiz
martın 3-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
İdarə heyətinin sədri təyin edilmiş Şahin Seyidzadədir.
– Bu günün vacibliyini təsəvvür etmək mümkün deyil. Fikrimcə bu
günü abidə və tarixi yerlərin mühafizəsi və qayğısı sahəsində
özünəməxsus yekunlaşdırma kimi nəzərdən keçirmək olar. Çünki
irsimizin bu “şahidləri”nin mühafizəsi gündəlik əmək tələb edir.
Bütün Azərbaycan nəhəng “açıq səma altında muzeydir”. Dövlət
tərəfindən azad edilmiş ərazilərdə abidələr və tarixi yerlərlə
bağlı genişmiqyaslı işlərin aparılması fonunda bu gün, demək olar
ki, əlamətdar tarixə çevrilir. Biz, sözün əsl mənasında,
xarabalıqlardan öz tarixi keçmişimizi qaytarırıq. Qarabağdakı
abidələr əyani şəkildə sübut edir ki, tarixi məhv etmək, yenidən
yazmaq mümkün deyil.
– İçərişəhər Azərbaycanın “tarixlə zəngin” yerlərindən
biridir. Bir müddət əvvəl Siz “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin İdarə heyətinin sədri təyin edilmisiniz. İndi Siz
İçərişəhəri necə hiss edirsiniz?
– İçərişəhər Bakının ürəyidir. O hər kəsi həmişəlik
heyrətləndirməklə heç kimi biganə qoymur. Bu, hər birimiz üçün
mübahisəsiz həqiqətdir. Qədim şəhər təkcə turistlər üçün deyil, həm
də paytaxtımızın qonaqları üçün xüsusi cəlbediciliyə malikdir. Onun
dar küçələri yalnız pandemiya vaxtı müvəqqəti olaraq ənənəvi
gediş-gəlişdən və insan səslərindən məhrum qaldı. Amma beş yüzdən
çox abidə bir gün də olsun öz aktuallığını və dəyərini itirməyib.
Onların arasında həm yerli və milli əhəmiyyətli, həm də dünya
əhəmiyyətli abidələr var. “İçərişəhər” İdarəsi üçün onların hər
biri vacib və əzizdir, onlar bizim daşlarda donub qalmamış milli
sərvətimizdir. Siz deyirsiniz ki, İçərişəhər tarixlə zəngindir,
amma Qoruğun rəhbəri kimi mənim üçün bura həm də öz sakinləri ilə
“yaşayan və nəfəs alan” balaca şəhərdir. İçərişəhər 18 aprel
tarixinin təcəssümüdür, yəni bir məkanda tarixi yer və əhalinin
toplanmasıdır. Onu qiymətli əşyaların saxlandığı mücrü ilə müqayisə
etmək olar. Onun içindəki əşyaları tələsmədən, hər birinin
gözəlliyindən zövq alaraq baxıb yerinə qoymaq istəyirsən. Rəmzi
olaraq onun qapağını açmaq və bu dəyərlərin mühafizəçisi olmaq
mənim üçün böyük şərəf və məsuliyyətdir.
– Sizin peşəkar tərcümeyi-halınız əsasən insanlarla
bağlıdır. İndi isə Siz birbaşa tarixi memarlıq abidələri ilə
əlaqəli struktura rəhbərlik edirsiniz…
– …və insanlarla əlaqəli! İçərişəhər özünün idarəetmə
strukturu olan nadir şəhər-muzey nümunəsidir, buranın bir
hissəsində mənzil-kommunal və bərpa idarələri, çoxsaylı muzeylər,
Elmi-mədəni mərkəz və hətta özünün Marionet teatrı var. Burada –
“qala sakini” – bu günədək yaşayış yerini qürurla qeyd edir və
bununla da bəzi ailələrin öz tarixini buradan apardığını
vurğulayır… İçərişəhər dərin çoxəsrlik köklərdə cavan qalmaqla
yalnız tarixi qeydə alır, o, daşlarda donub qalmır. Ona Şərqin bir
çox məqamlarında əks olunmuş incələyi xasdır. Hətta qala boyunca
yolu qısaltmağa çalışanda belə, bir darvazadan o birinə asanlıqla
keçmək olur. Mən indi dolaşıq küçələri deyil, özünə cəlb edən
xüsusi auranı nəzərdə tuturam. Bəzən min dəfə gördüyün qədim
memarlıq abidəsi birdən başqa rakursda qarşına çıxır və sən
ornamentləri və kölgələr yaradan qəribə siluetləri yenidən görərək
onun qarşısında donub qalırsan. Ya da İçərişəhərdə oynayan uşaqlar,
çətin ki, orada duran məscidin I Pyotrun Bakını ələ keçirmək
cəhdini xatırladığını, amma indi isə müqəddəs surə və ayələrin
səsləndirildiyi barədə düşünür. Yaxud da indiki İçərişəhər
sakinlərinin əcdadlarının da getdiyi və bu gün fəaliyyət göstərən
hamam… Şəhərin rəmzi olan Qız Qalasının ətəyində 1936-cı ildə
təəssüf ki, dağıdılmış Müqəddəs Varfolomey məbədinin bünövrəsi
üzərində Bakının xristian icmaları anım günü ilə bağlı dualar
edirlər. Burada tarixi insanlardan, insanları isə tarixdən çıxarmaq
mümkün deyil.
– İdarənin nəzdində həm də istirahət yeri kimi şöhrət
qazanmış Qala qoruğu da var.
– “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğu mədəni dəyər baxımından
heç də az əhəmiyyət daşımır. Buranın dövlət və yerli əhəmiyyətli
228 memarlıq abidəsi var. İlk baxışdan nisbətən kiçik ərazi kimi
görünsə də, burada nə qədər tarixi təbəqə təqdim olunub. Kiçik bir
eksponat vacibliyə görə qəsrli qala ilə rəqabət aparır. Qala qoruğu
tətbiqi incəsənət abidələrinin populyarlaşması üzrə işlərin
aparıldığı yerlərdən biridir. O, Azərbaycanda abidə və tarixi
yerlərin mühafizəsinin nə qədər yüksək qiymətləndirildiyinin gözəl
nümunəsidir. Razılaşın ki, Qala bir növ cəlbedici qüvvəyə malikdir.
Burada sanki zaman bizim ətrafı qavrayışımızı dəyişir. Biz muzey
cığırları ilə hərəkət edərək, sənətkarlara qonaq gedərək, ya da
19-cu əsr yaşayış evini ziyarət edərək əsrdən əsrə səyahət edirik.
Mən bir daha vurğulayıram ki, insanlar abidələrlə tanış olmaqla öz
tarixini daha yaxından öyrənir. Bizim məqsədimiz odur ki,
Azərbaycanın ənənələri bir çox onilliklər keçəndən sonra da maraq
oyatsın. Tarixi abidələrə diqqətli yanaşmanın parlaq nümunələrindən
biri də ötən il Qalada qəsəbə sakinləri üçün əlamətdar olan və
eyniadlı məhəllədə yeganə monumental tikili olan, 17-18-ci əsrlərə
aid, yerli sakinlərin “Məhəllə” məscidi adlandırdığı “Tərəkəmə”
məscidinin əsaslı bərpa işləri olub. Biz insanlara divarların
mənəviyyatla əks-səda verdiyi ibadət yerini mühafizə edərək
qaytardıq. Yüzlərlə il əvvəl olduğu kimi bu gün də onun günbəzi
altında azan səslənir.
– Siz söhbətinizdə tarixi abidələrlə bağlı vacib
fəaliyyətə toxundunuz.
– Bəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
tərəfindən müxtəlif həcmdə bərpa işləri aparılır. Məsələn, Böyük
Qala küçəsində 3/5 saylı yaşayış evində əsaslı bərpa işləri
layihəsini reallaşdırmaq mümkün oldu və bu binanın mənzil sahibləri
vətəndaş anlayışı nümayiş etdirdilər. Onlar bizim arqumentləri
dinlədilər və nəticədə təkcə tikilinin ilkin formasını qaytarmaq
deyil, həm də daxili məkanları tam təmir etmək mümkün oldu. Bütün
işlər dövlət vəsaitləri hesabına keçirildi və bu da dövlət üçün
tarixi abidələrə qayğının nə dərəcədə prioritet olduğunun daha bir
göstəricisidir. Bir müddət əvvəl Qoşa Qala qapıları “Atelier Erich
Pummer GmbH” şirkətinin mütəxəssislərinin köməyi ilə “yeni nəfəs”
aldı. Hazırda 12-ci əsr qala divarlarının bərpa işləri aparılır.
Bu, bizim ən uzunmüddətli layihəmizdir. Bu layihə mərhələli
şəkildə, qala divarının bir hissəsindən digərinə keçməklə
reallaşdırılacaq. Tezliklə yeni muzeyin qapılarını ziyarətçilər
üçün açmağı planlaşdırırıq. Orta əsr Multani və Buxara
karvansaralarının bərpa işləri tam sürətlə davam edir.
– Artıq iki aya yaxındır ki, Siz bu cür mühüm tarixi
məkana rəhbərlik edirsiniz. Bu müddət ərzində irimiqyaslı Novruz
tədbirləri keçirilib. İndi isə təqvimdə bu söhbətə səbəb olmuş
bayram yer alır. Tarixin, sözün əsl mənasında, hər addımda olduğu
bir sahədə özünüzü nə dərəcədə rahat hiss edirsiniz?
– Fikrimcə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
İdarə heyətinin sədri tarixin rəhbəri deyil. Bu, heç mümkün də
deyil! Mənim əsil fəaliyyətim elə 18 aprelin şüarı ilə səslənir:
“Tarixi vətənimizi qoruyaq”. Bu işdə öz işinin peşəkarları mənim
dayağım oldu. Onlar üçün İçərişəhər və Qala qoruqları xüsusi
müqəddəs məna kəsb edir. Hər gün onların “zənginliyinə” toxunub və
özlərinə məxsus enerjini hiss etməmək mümkün deyil. Əgər mən
əvvəllər Qoşa Qala qapılarından keçərkən sadəcə digər məkana keçid
edirdimsə, dar küçələrdən sadə sakin kimi keçirdimsə, indi dünənki
marşrutlar mənim üçün hər bir kvadrat metrinə görə bilvasitə
məsuliyyət zonasına çevrilərək, tamamilə başqa məna kəsb etməyə
başlayıb. Hələ bir müddət əvvəl İçərişəhər mənim üçün estetik
baxımdan qəbul olunurdusa, artıq bir ay yarımdır ki, mən diqqətlə
memarlıq abidəsinin bütövlüyünə zərər vuracaq nəyinsə olmamasına
diqqətlə baxıram. Elə İçərişəhərin özü də gözlənilməz tərəflərini
göstərməyi sevir. O, hələ də öz növbəsini gözləyən çoxlu tarixi
sürprizləri gizlədir. Tarix tələskənlik sevmir və ona layiqli
diqqətin göstərilməsini xoşlayır. Bununla belə, İçərişəhər
strukturundakı bütün abidələrin kifayət qədər çox yaşı var. Ona
görə də onların vəziyyəti planlı şəkildə monitorinqdən keçirilir,
sanki doğma və əziz adamın sağlamlığına nəzarət edirsən. Və sənə
əsrlər boyunca Bakı xanlığından, Şirvanşahların böyüklüyündən, bu
günədək bu möhtəşəm tikililərin adı ilə bağlı şəxslərdən qalan
yaddaşı qorumaq və çoxaltmaq tapşırılıb… Tarix toxunma
qabiliyyəti əldə etdikdə belə, o, yalnız özünə məxsus olan yüngül
ətir kimi qalır. Ona görə də hesab edirəm ki, mənə tarixi vərəsəlik
vasitəsilə unikal qüvvə və sonsuzluğa inam bəxş edən bu heyrətamiz
sahənin içində olmaq xoşbəxtliyi nəsib olub.