İcbari tibbi sığorta üzrə göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası təsdiq edilib

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərinin hesablanması Qaydası təsdiq edilib.

AzerTimes xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 402 nömrəli Qərarına dair izahda deyilir:

– Qərarda icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin tariflərini formalaşdıran xərc maddələri, laborator, ambulator tibbi xidmətlər və cərrahi əməliyyatlar üzrə tariflərin hesablanması metodları, o cümlədən tariflərə yenidən baxılmasını şərtləndirən amillərlə bağlı müddəalar müəyyən edilmişdir.

Eyni zamanda aktuar hesablamalar (aktuari tərəfindən tətbiq edilən iqtisadi-riyazi hesablamalar), birbaşa xərclər (bilavasitə xidmətin göstərilməsi ilə əlaqədar istifadə olunan əmək və maddi-texniki resurslara çəkilən xərclər), dolayı xərclər (tibbi xidmətin göstərilməsi ilə bilavasitə əlaqəli olmayan, lakin tibb müəssisəsinin fəaliyyətini şərtləndirən digər resurslara çəkilən xərclər), tibbi sərfiyyat malları (tibbi xidmətin göstərilməsi üçün zəruri olan və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş sərfiyyat materialları), tibbi xidmətlərin tarifi (tibbi xidmətin göstərilməsinə çəkilən birbaşa və dolayı xərclərdən, habelə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan marjadan və qanunla müəyyən edilmiş vergi və icbari ödənişlərdən ibarət olan qiymət), marja (Qanunun 15-3.1-ci maddəsinə əsasən icbari tibbi sığortada iştirak etmək hüququna malik olan qeyri-dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri üzrə tibbi xidmətin göstərilməsi qarşılığında əldə olunan mənfəət və ya dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin maddi-texniki bazasının və işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nəzərdə tutulan əlavə), orta davametmə müddəti (tibbi xidmətin göstərilməsinə orta hesabla sərf olunan zaman intervalı) kimi anlayışlar qaydada öz əksini tapmışdır.

Qayda 2022-ci il 1 iyun tarixindən qüvvəyə minir. Qayda qüvvəyə mindikdən sonra yeni xidmətlər zərfi təsdiq edilənədək bu Qayda əsasında hesablanan tariflə mövcud xidmətlər zərfinə daxil olan tarif arasında fərq yaranarsa, onlardan aşağı məbləğdə olan tarif əsas götürülür.

Teqlər: