İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olan müraciətlərin sayı açıqlanıb

Xəbər - Çingiz Səfərli – Trend:

2021-ci ilin ilk 7 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 13 939 vətəndaş müraciəti daxil olub.

AzerTimes xəbər verir ki, müraciətlərin 13 919-u ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 20-si isə teleqram vasitəsilə edilib. 1660 müraciət bilavasitə vətəndaşlar, əsasən də Bakı şəhəri, Şəki, Bərdə, Masallı və Lənkəran rayonlarının sakinləri tərəfindən edilib. 12 279 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib.

Daxil olan müraciətlərin 6937-si müayinə və müalicə, 3981-i əlillik məsələləri,1326-sı işə qəbul və əmək münasibətləri, 543-ü COVID-19, 468-i dərman vasitələri və tibbi sərflə təminat, 684-ü isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.

Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 7 ayı ərzində 14 725 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Agentliyə və tibb müəssisələrinə işə qəbul qaydaları, icbari tibbi sığorta haqlarının əhali kateqoriyaları üzrə məbləği, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, ailə həkiminə müraciət qaydası, immunitet və peyvənd sertifikatlarının əldə edilməsi və s. olub.


Qeyd edilən müddət ərzində 2252 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.

Twitter:@cingizsafarli

Teqlər: