İcbari tibbi sığorta sahəsində özəl klinikaların iştirakının artırılması müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklər və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi, Tədris Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və 20-yə yaxın aparıcı klinikanın nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

Görüşdə klinikaların xərclərinin, o cümlədən icarəyə götürülmüş bina üzrə təmir xərclərinin gəlirdən çıxılması, səhiyyə turizminin inkişaf etdirilməsi məqsədilə xarici ölkə vətəndaşlarına göstərilən tibbi xidmətlərin ƏDV-yə sıfır faiz dərəcəsi ilə cəlb olunması, tibbi xidmətlərə görə ƏDV-nin diferensial dərəcə ilə tətbiqi, klinika və həkimlər arasında əmək münasibətlərinin mülki-hüquqi müqavilə və ya əmək müqaviləsi əsasında formalaşmasının mövcud vəziyyəti və perspektivi, yüksək əmək haqlarına reqressiv sığorta dərəcələrinin tətbiqi və tibb xidmətlərinin göstərilməsinə cəlb olunmuş əcnəbi həkimlərin sosial sığorta haqlarından azad edilməsi ilə bağlı təkliflər ətrafında geniş müzakirələr aparılıb. Həmçinin klinikaların nümayəndələri tərəfindən sahənin inkişafına müsbət təsir edə biləcək bir sıra digər məsələlər, o cümlədən icbari tibbi sığorta sahəsində özəl klinikaların iştirak səviyyəsinin artırılması, xarici investisiyalı klinikaların təsisçilərinə yaşayış icazəsinin verilməsi zamanı vergi ödəyicisi olmasının imtiyaz kimi nəzərə alınması, tibbi avadanlıqların idxalı (o cümlədən müvəqqəti idxal) və istismarı ilə bağlı inzibatçılığın sadələşdirilməsinin zəruriliyi müzakirə edilib. Sahibkarlıq subyektləri ilə sahəvi çətinliklərin öyrənilməsi istiqamətində görüşlərin və belə dialoq platformasının məhz Dövlət Vergi Xidmətinin mərkəzi aparatında yaradılması bütün klinikaların nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.


Görüşdə çıxış edən DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib ki, iştirakçıların təklifləri nəzərə alınaraq sahənin inkişafı, o cümlədən vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı müzakirələrin aparılması və birgə əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə aparıcı klinikaların və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti görüşlər təşkil olunacaq.

Teqlər: