İcbari tibbi sığorta çərçivəsində bud-çanaq oynağının dəyişdirilməsi üzrə 188 əməliyyat keçirilib

Xəbər - Samir Əli – Trend:

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) daxil olan hesabatlara əsasən 2021-ci ilin yanvar-iyun ayları ərzində ölkə üzrə 188 nəfər icbari tibbi sığorta çərçivəsində endoprotezləşdirmə əməliyyatı olunub.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, cərrahi tibbi xidmət olan endoprotezləşdirmə əməliyyatı icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlar üçün ödənişsiz icra olunur. Xidmətlər Zərfinə əsasən təqvim ili ərzində icbari tibbi sığorta çərçivəsində təminat verilən endoprotezləşdirmə əməliyyatlarının sayı isə 300 müəyyən edilib. Cari il üzrə bu əməliyyat üçün müraciət etmiş 300 vətəndaşın sorğusuna müraciət tarixinə uyğun olaraq Agentlik tərəfindən artıq müsbət rəy verilib. Qeyd edək ki, təqvim ili üzrə limit həddi tamamlandıqdan sonra daxil olan müraciətlərə növbəti il baxılacaq.

Sığorta olunanlara bu tibbi xidmətin göstərilməsinə dair şərtlər Nazirlər Kabinetinin müvafiq Qərarında əks olunub. Endoprotezləşdirmə əməliyyatı bud-çanaq oynağının hissəvi və bütöv dəyişdirilməsi, eyni zamanda diz oynağının bütöv dəyişdirilməsini əhatə edir.

Dövlət tibb müəssisələrində icrası mümkün olmayan, xüsusi tibbi təchizat və təminat tələb edən bu əməliyyat Agentliyin müqavilə bağladığı müvafiq tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişlərə əsasən həyat və sağlamlığı üçün təhlükəlilik dərəcəsi ən yüksək olan pasiyentin həyat və sağlamlığı üçün təhlükəlilik səviyyəsi ən aşağı olan pasiyentlə növbələşmə prinsipinə əsasən göstərilə bilər.

Məlumat üçün bildirək ki, endoprotez dedikdə orqanizmin daxilinə yerləşdirilən protez – funksiyasını itirmiş və ya xəstə orqanın əvəzedicisi nəzərdə tutulur. Endoprotezləşdirmə əməliyyatı zamanı sıradan çıxmış oynaq süni oynaqla əvəz olunur. Qeyd edək ki, 18 yaşdan aşağı şəxslər üçün endoprotezləşdirmə əməliyyatı sümüklərin qığırdaq hissəsi – böyümə zonaları hələ tam bağlanmadığına görə gələcəkdə onların fiziki inkişafına mənfi təsir etməmək üçün icra olunmur. Həmçinin bədəninin hər hansı bir nahiyəsində aktiv infeksiyası olan şəxslərə də bu əməliyyat tövsiyə olunmur.

Xidmətlər Zərfi çərçivəsində sözügedən tibbi xidmətlə yanaşı, vətəndaş əməliyyat öncəsi müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinələr, habelə endoprotez kimi tibbi ləvazimat üçün heç bir ödəniş etmir. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, həmçinin həkim təqibi də tibbi xidmətin tarifinə daxildir.

Bununla yanaşı, ehtiyac yarandığı təqdirdə bəzi xəstələrə əməliyyatdan əvvəl və sonra müəyyən vətərlərdə və əzələlərdə yaranan zəiflik və gərginliyin aradan qaldırılması ilə bağlı fizioterapiya xidməti göstərilir. Bu zaman əzələ gücləndirici, stimulyasiya edici və oynaq hərəkət açıqlığını təmin edən fiziki müalicə prosedurları aparılır. Vətəndaş bu xidməti icbari tibbi sığorta çərçivəsində əldə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrinə müraciət edə bilər. Xidmətlər Zərfinə əsasən hər bir fizioterapevtik xidmət üzrə 10 prosedur nəzərdə tutulub və bu xəstənin narahatlığını aradan qaldırmaq üçün yetərli hesab edilir.

Əlavə edək ki, oynaqların funksiyasının pozulmasının səbəblərinə revmatizmal xəstəliklər, oynağın anadangəlmə patologiyaları, oynaq daxili sınıqlar və ya zədələnmələr, metabolik pozuntular və artıq çəki problemini nümunə gətirmək olar.

Əməliyyatdan sonra pasiyent 4-6 həftə yerimək üçün köməkçi vasitədən istifadə edərək, 3 aydan sonra normal həyat tərzinə qayıdır. Bu müddət ərzində süni oynaq yerinə oturur, xəstənin ağrıları keçir və o, fiziki aktivliyini bərpa etmiş olur. Beləliklə, əməliyyat sayəsində insan nəinki iş qabiliyyətini bərpa edir, həm də əlil olmaqdan xilas olur.

Teqlər: