Xəbər - Fərid Zöhrabov – Trend:
Dövlət Avtomobil Nəqliyyatı Xidməti “İcazə” blanklarının
daşıyıcılar və şirkətlər arasında qanunsuz satışı ilə mübarizə
tədbirlərini davam etdirir.
Trend xəbər verir ki, bütün dünya ölkələrində olduğu kimi,
Azərbaycanda da “İcazə” blanklarına daşıyıcının ştampının vurulması
sırf onun məsuliyyəti və vəzifəsidir. Daşıyıcıların bəzi hallarda
üzərilərinə düşən məsuliyyətə etinasız yanaşması xoşagəlməz
nəticələrə və blankların qanunsuz satışına yol açır. Neqativ
halların qarşısının alınması məqsədilə daşıyıcılar “İcazə”
blanklarını xidmətdən təhvil alan zaman onları yerində şirkətin
ştampı ilə möhürləməlidirlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti
prosedurun icrasına nəzarət edən əməkdaşlar ayırıb.
Qurumda, həmçinin “İcazə” blanklarının nömrələri əsasında hansı
daşıyıcıya verilməsi qeydə alınır. Bu, daha sonra identifikasiya
aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülərə və daşıyıcılara
diqqətli olmağı tövsiyə edir. “İcazə” blanklarının qanunsuz satışı
ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt
ünvanı, https://www.facebook.com/AzDANX
rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi
vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri
xahiş olunur.
Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən
daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq
yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu
sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota
əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.