İbrahimpaşa Dadaşov küçəsində içməli və tullantı su xətləri yenilənib (FOTO)

Bakı şəhəri əhalisinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrası davam etdirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AzerTimes-a bildirilib ki, paytaxtın Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun yenidən qurulması layihəsi çərçivəsində “Azərsu” tərəfindən ərazidən keçən içməli və tullantı su xətləri yenilənib.

Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində mövcud içməli su və kanalizasiya sistemləri təftiş edilərkən məlum olub ki, həmin xətlər uzun illər istismar olduğundan qəzalar baş verirdi. Bu da öz növbəsində istismar işlərini çətinləşdirir, əhalinin içməli su təchizatında fasilələr yaradır və asfalt örtüyünün korlanmasına gətirib çıxarırdı. Yol infrastrukturunun yenidən qurulmasından istifadə edərək həmin küçədən keçən kommunikasiya xətlərinin dəyişdirilməsinə qərar verilib və layihə hazırlanıb. Layihəyə əsasən, 225 mm diametrli borularla 550 metr içməli su, 300-400 mm diametrli borularla 360 metr tullantı su xətləri inşa edilib.

Yeni çəkilmiş magistral su kəmərindən və kollektordan ətraf küçələrə və fərdi yaşayış evlərinə çıxışlar verilib. Tikinti aparılan ərazidən əks-doldurma və kipləmə işləri aparılır. Yol infrastrukturu yenidən qurulan ərazidə istismar müddətini başa vurmuş içməli və tullantı su xətlərinin yenilənməsi gələcəkdə qəza hallarının qarşısını alacaqdır.

Qeyd edək ki, işlərin operativ və qısa müddətdə yekunlaşdırılması məqsədilə “Azərsu” ASC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi koordinasiyalı şəkildə fəaliyyət göstərir. Bu da həmin küçənin daha az müddətdə bağlı qalmasına və işlərin tez yekunlaşmasına hesablanıb.

Teqlər: