Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı
şəhəri, Nərimanov rayonu ərazisində kompleks tədbirlər icra
olunur.
Agentlikdən AzerTimes-a bildirilib ki, bu tədbirlər çərçivəsində
“İnvestisiya Proqramı”na əsasən, İbrahimpaşa Dadaşov küçəsində
aparılan əsaslı təmir işləri yekunlaşıb. Təmir işləri küçənin Ziya
Bünyadov prospekti və Məmməd Araz küçələri arasında yerləşən 650
metrlik hissəsində aparılıb.
Aparılan təmir işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton
örtüyünü sökülüb, mövcud piyada səkiləri 1000 kv.m sahədə bərpa
olunub, küçə boyu yeni səki daşları düzülüb.
Layihəyə uyğun olaraq səth sularının yolun hərəkət hissəsindən
kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa
olunub, 5 yeni yağış barmaqlığı quraşdırılıb, kommunikasiya
xətlərinin 46 baxış qapağı yenisi ilə əvəz olunub.
Bundan başqa İbrahimpaşa Dadaşov küçəsində yol infrastrukturunun
yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən içməli və
tullantı su xətləri yenilənib. İşlərin operativ və qısa müddətdə
yekunlaşdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi və “Azərsu” ASC koordinasiyalı şəkildə fəaliyyət
göstərib. Kommunikasiya xətlərinin yenilənməsi gələcəkdə qəza
hallarının baş verməsini minimuma endirməklə asfalt-beton örtüyünün
sıradan çıxmasının qarşısını alacaqdır.
Kommunikasiya xətlərinin yenilənməsindən sonra qazılmış ərazidə
əks-dolğu və kipləşmə işləri aparılıb. Ardınca küçə boyu 2 laydan
ibarət yeni asfalt-beton örtüyü döşənib. Aparılan yenidənqurma
işləri çərçivəsində yol kənarları və baxımsız vəziyyətdə olan
ağacların dibləri abadlaşdırılıb.
Son mərhələdə isə küçə zəruri yol nişanları, üfiqi nişanlanma
xətləri, piyada zolaqları və parkinq yerləri ilə təmin olunaraq
müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, ölkə başçısının tapşırığına əsasən, agentlik
tərəfindən 2019-2021-ci illər ərzində Nərimanov rayonu ərazisində
35 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.