MDB və Baltikyanı ölkələrin kinematoqrafçılarının daxil olduğu “Kinematoqrafçılar İttifaqları Konfederasiyası” ictimai birlikləri Beynəlxalq İttifaqı 1991-ci ildə Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılıb və SSRİ kinematoqrafçılar birliyinin hüquqi varisidir.
AzerTimes xəbər verir ki, bu barədə Teleqraf.com-a məşhur kinodramaturq Rüstəm İbrahimbəyovun qızı, azərbaycanlı aktrisa, rejissor və ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Fatimə İbrahimbəyova bildirib.
“26 oktyabr 2021-ci il tarixində Konfederasiya Şurasında mən bu təşkilatın icraçı direktoru seçildim. Moskvada “Şərq-Qərb” beynəlxalq kino mükafatı çərçivəsində biz Kinematoqrafçılar İttifaqları Konfederasiyasının 30 illiyini təntənəli şəkildə qeyd etdik.
Konfederasiya bütün bu illər ərzində aparıcı kinematoqrafçıların kino inkişafının aktual məsələləri və yaradıcılıq əlaqələrinin qorunması üzrə beynəlxalq forum və seminarlar keçirirdi. Bu müddət ərzində MDB və Baltikyanı ölkələrin gənc kinematoqrafçılarının beynəlxalq kino məktəbi də fəal işləyıb.
Təəssüf ki, iqtisadi böhranlar, pandemiya, müharibələr və digər amillər dost Kinematoqrafçılar İttifaqları arasında ənənəvi yaradıcılıq əlaqələrinin zəifləməsinə və hətta dağılmasına gətirib çıxardı”, – deyə o bildirib.
Fatimə İbrahimbəyovanın sözlərinə görə, bütün bu hadisələrin fonunda Konfederasiyanın yenidən təşkili və onun əsasında yeni ictimai struktur yaradılması ideyası ortaya çıxıb: “Məsələn, türkdilli ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyası: Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistan. Bu təşkilatın mənzil-qərargahı isə Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində ola bilər.
Əgər ittifaqımızın İdarə heyəti mənim bu təşəbbüsümü yaxın iclasda dəstəkləyərsə, payızda Bakıda altı türkdilli ölkənin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının birinci Forumunu təşkil edə bilərik.
Azərbaycan Kinematoqrafçılar İttifaqının bu mədəni-ictimai təşkilatının yaradılmasında və işində fəal iştirak edəcəyinə çox ümid bəsləyirəm və düşünürəm ki, bu hadisə dost ölkələrin kinematoqrafçıları arasında yaradıcılıq əlaqələrinin bərpasına kömək edəcək”.