İbrahim Rəisinin ölümünə gülənlər kimlərdir?

İbrahim Rəisinin ölümünə gülənlər kimlərdir?

Sənət müstəvisində toxunulmayan, satiraya, “qara yumor”a gəlməyən nəsə yoxdur. Bir işdə sənətkarlıq varsa, hər şey mübahdır. Fəqət, elə məsələlər var, gərək adamın bir az da həyası, abrı, ictimai əxlaqı, dəyəri olsun. Gündəmə bu dəfə faciə ilə gələn İran məsələsi üzərində mənasız yumor etmək, doğrudan da ayıbdır.

Ola bilər ki, məsələnin siyasət tərəfi kimlərisə maraqlandırmasın. Bəs heysiyyat? Bəs insanlıq?

Məsələn, İran bir neçə dəfə olub ki, hansısa hədəfə raket atıb, öz ərazisinə düşüb. Bu, gülməli olar bilər, lağ obyekti də olar. Amma söhbət 9 nəfərin ölümündən, bir dövlətin prezidentindən, xarici işlər nazirindən gedirsə, əxlaqlı davranmaq lazımdır.

Bu, qəzadır, faciədir, həm də məhz Azərbaycan haqda ölümündən bir qədər əvvəl çox xoş sözlər deyən şəxsin ölümüdür.

Təbii, qonağımız deyildi, ölkəmizə gəlməmişdi, öz sərhədindəydi, ancaq görüş ki, olmuşdu; bizimlə bağlı olan mərasimdən axı gedirdi!

Belə məsələlər təkcə bəzi azərbaycanlıların siyasi-ictimai şüurunun, ictimai məsuliyyətinin bərbad vəziyyətini göstərmir, həm də insaniyyət işidir.

Heç nə bir insanı insanlıqdan kənar davranış sərgiləməyə vadar edə bilməz. Ən azı xalqımızın min illərə söykənən əxlaq dəyərləri var, “ölünün dalıyca danışmazlar” demişik.

Bu dünyada kimlərisə mühakimə edə bilərsiniz, ancaq öldüsə, artıq Allahın mühakiməsindədir və kimsə ona qarışa bilməz. Unutmayın ki, bir gün tez-bir gün gec, fərq etməz, hamımız Allahın mühakiməsində olacağıq: ənənələri qoruyun ki, siz də öləndə dalınızca danışıb, məsxərəyə qoymasınlar.

Həyat bumeranqdır, atdığın mütləq gəlib səni tapır.

Teqlər: