I Pyotru Osmanlı əsirliyindən kim xilas etmişdi?

I Pyotru Osmanlı əsirliyindən kim xilas etmişdi?

1710-cu il noyabrın 20-də Osmanlı dövləti Rusiyaya müharibə elan etdi. 1711-ci il iyunun 30-da rus qoşunları Moldovaya daxil oldu, Dnestri keçib Pruta çıxdı.

135 minlik türk qoşunu 30 minlik rus qoşununu tam mühasirəyə aldı. Yeniçərilərin hücumu ilə döyüş başlandı və üç saat davam etdi. Türklər 8900, ruslar 4800 nəfər itki verdi. Prut yürüşü zamanı rusların ümumi itkisi 27.185 nəfər olmuşdu.

Gecə döyüşlərinin birində yeniçərilərin hücumu nəticəsində rusların məğlubedilməz saydığı çarları Pyotr türklərə əsir düşür. Onun əsir düşməsi ilə döyüşlər dayanır və onu Osmanlı ordusuna başçlıq edən Baltaçı Mehmet Paşanın hüzuruna gətirirlər. Vəzir çox ağır şərtlə rusların geri çəkilməsi barədə tələblər irəli sürür. Türklərə əsir düşən çar Pyotr diplomat Pyotr Şafirova məktub göndərərək yazır: “İstənilən şərtlərə razı olun, amma mənim qul və əsir olmağıma razı olmayın”.

Krım xanının və XII Karlın israrlarına baxmayaraq, Baltaçı Mehmet Paşa sülh bağlamaqla kifayətlənir (1711-ci il, avqust ayında). Baltaçı Mehmet Paşanın nəyə görə sülhə razılaşdığı hələ də tam bəlli deyil. Bəzi mənbələrə görə, böyük pul, bəzi mənbələrə görə çox qiymətli əşyalar alır. Bir versiya da (bunu rus müəllifləri yazır) Baltaçı Mehmet Paşa Pyotrun arvadı Birinci Yekaterinanın gözəlliyinin təsiri altına düşür. Sülh müqaviləsindən sonra orduda Yekaterinanın Mehmet Paşa ilə gizli əlaqəsi barədə şayiələr gəzməyə başlayır.

Həmin döyüşləri təsvir edən fransız La Motreuille yazır:

“Kraliça… heç kəsi görmək istəməyən vəzirin çadırına daxil oldu, qadın gözəlliyinin təsirindən istifadə edərək, vəzirin razılığını almaq üçün danışıqlara başladı, bir müddət sonra çadırdan çıxan çariça sülh bağlamaq səlahiyyətinin Şafirova verilməsini istədi”.

Türk mediasında bu hadisə ilə bağlı belə yazı rastıma çıxdı: “Vəziyyətin çıxılmazlığını görən Yekaterina Baltaçı Mehmet Paşanın çadrına gəlir. Saatlarca orada qalır. Arada gözətçi yeniçəri gəlir və deyir ki, paşam, Rusiya bizə hücuma başladı. Paşa deyir: “Qorxma, əsgər, bütün Rusiya mənim yatağımdadır”…

Mənbələr yazır ki, vəzirlə görüşün səhərisi, iyulun 9-da Yekaterina orduda şura toplayır və orada o və ya Şafirovun danışıqlara başlamasını təklif edir. Şura türklərə sülh təklif etmək, Şeremetyevin adından məktub yazmaq və danışıqları Şafirova həvalə etmək qərarına gəlir, bundan sonra Yekaterina generalları və Şafirovu bu qərarı təsdiqləmək üçün Pyotrun çadırına göndərir. Nəticədə Osmanlı ordusu döyüşü davam etdirmir, etdirsə idi, paytaxta qədər gəlib çıxacaq və Rusiya dövlətinin mövcudluğuna son qoyacaq idi. Məhz Pyotr arvadı Yekaterinanın sayəsində Osmanlıdan xilas olub geri çəkilir, Osmanlı da sülh imzalayır.

Sonradan I Pyotr kraliçanın Prutdakı davranışını yüksək qiymətləndirir: 1714-cü ildə kral yalnız qadınlara verilə bilən “Böyükəzabkeş Yekaterina” ordenini təsis edir. Pyotr öz ayıbını gizlətmək üçün bu ordenin təsis edilməsinə belə şərh verir: “Ülyahəzrətin (Yekaterina Alekseyevnanın) Prut yaxınlığında türklərlə döyüşdə qalması xatirəsinə verilmişdir, burada belə təhlükəli bir vaxtda arvad kimi deyil, kişi kimi hər kəsə görünürdü”.

Prut səfərində (1711) məğlub olan I Pyotr bu ərazilərdə Osmanlı dövləti ilə toqquşmadan çəkinib diqqətini Xəzər dənizi sahillərinə yönəltdi və Səfəvi dövlətinin böhranlı vəziyyətindən faydalanaraq Qafqaza hakim olmaq uğrunda mübarizəyə girişdi. 1722-1723-cü illərdə Xəzəryanı bölgələr Rusiya tərəfindən işğal edildi.

Teqlər: