Əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.
Bu barədə AzerTimes-a Ağdam rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, EOS QRUP Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən əmək hüquqlarının pozulması faktı ilə bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsi hörgü blokları istehsal edən zavodda istehsal rəisi vəzifəsini yerinə yetirməsi işinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Ağdam rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Qeyd olunub ki, eyni zamanda MMC-nin direktoru Hüsniyə Məmmədova barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial müdafiəsi Nazirlyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Qarabağ Regional Şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.