“Hüseyniyyun” Azərbaycana qarşı növbəti böhtana əl atdı

“Hüseyniyyun” Azərbaycana qarşı növbəti böhtana əl atdı

“Hüseyniyyun” terror qruplaşması Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarına qarşı böhtan ataraq, mənfi fikir yaratmağa çalışır.

AzerTimes xəbər verir ki, bu barədə “Araz Nyus” Teleqram kanalı məlumat paylaşıb.

Məlumata görə, qanunsuz qruplaşma video yayaraq, Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşlarının Güney Azərbaycan vətəndaşlarının bəzilərinə pul qarşılığında Təbriz küçələrində şüar yazmağı və ya bayraq asmağı təklif edən səs yazılarını aşkarladıqlarını iddia ediblər:

“Videonun “Hüseyniyyun” terror qruplaşmasının studiyasında hazırlandığını hər kəs başa düşə bilər. Bu videoda Quzey Azərbaycan ləhcəsi ilə danışan və sonradan hesablarına pul yatıra bilmələri üçün Güney Azərbaycanda insanlara şüar yazmaq və ya bayraq quraşdırmaq üçün pul təklif edən iki nəfərin səsi eşidilir. Bu səslərin “Hüseyniyyun” terrorçularının özlərinə aid olmadığını necə bilə bilərik?! Hansı təhlükəsizlik xidməti qarşı tərəfin telefonunda qalan və sonra digər insanlara və ya təhlükəsizlik xidmətlərinə ötürülə bilən adi messencer vasitəsilə belə həssas söhbətlər göndərər? Kəşfiyyat agenti belə bir risk edərmi? Hər kəs bilir ki, hər ölkədə şəxsi hesab nömrəsinə pul köçürmək asanlıqla aşkarlanıb izlənilir. Hansı kəşfiyyat agenti belə naşılıq edər? Aydındır ki, məqsəd Güney Azərbaycanda Milli Hərəkat fəalları üçün yeni iddialar qaldırmaq, türk fəallara qarşı psixoloji müharibə başlatmaqdır. Bu da “Hüseyniyyun” terror qruplaşmasının tərəfindən həyata keçirilir və faşist İranşəhri hərəkatının mediası vasitəsilə nəşr etdirilir”.

Videonun saxta olmasının açıq-aydın sezildiyini qeyd edən kanal məlumatda bildirib ki, görüntüləri yayanlar məqsədli şəkildə öz çirkin planlarını həyata keçirmək niyyətindədirlər.

“Maraqlıdır ki, sözügedən videonun aparıcısı bir neçə gün əvvəl İran dövlət televiziyasında Azərbaycan türk xalqına qarşı təxribat yönümlü çıxış edirdi. Məlumdur ki, bu şəxs və onun əlbir olduğu terror hərəkatı İranda dövlət qurumlarının dəstəyinə malikdir. İllərdir Güney Azərbaycan şəhərlərinin küçələri türk fəallarının maarifləndirmə fəaliyyətinə şahidlik edir. Hazırda xüsusilə sosial şəbəkələrdə təzahür edən Güney Azərbaycanda, eləcə də İranın digər bölgələrində türk millətinin milli kimliyə qayıdış hərəkatı hər kəsə aydındır. Hansısa ölkənin təhlükəsizlik xidmətlərinin pul ödəməsi ilə belə böyük bir hərəkatın yarana biləcəyini düşünmək həqiqətlərə göz yummaq üçün sadəlövhcəsinə bir cəhddir. İran İslam Respublikasının əsaslarını təşkil edən “İranşəhri” ideyası nə İranda türk məsələsini aradan qaldırmaq, nə də bu məsələnin həllinə nail ola biləcək gücə sahib deyildir”, – deyə yazı müəllifi vurğulayıb.

Teqlər: