Məlum olduğu kimi, çoxmənzilli binalarda sakinlərin daha çox
rastlaşdığı problemlərdən biri binaların zirzəmilərindəki parklanma
yerlərindən istifadədir. Bir çox hallarda həmin yerlərin ödənişli
olması mənzil mülkiyyətçiləri arasında narazılığa səbəb olur. Bəs
mövcud qanunvericilikdə sözügedən məsələnin tənzimlənməsi ilə bağlı
hansı normalar müəyyən olunub?
Bununla bağlı hüquqşünas Arif NəzərovTrend-in sualını cavablandırıb.
Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasının tərkib
hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi
olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə
tutulan obyektlər (habelə yaşıllaşdırma və abadlaşdırma elementləri
də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi və s.) ümumi
paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
O bildirib ki, ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə
məxsus olan həyətyanı torpaq sahələrinin ölçülərin kiçik olması hər
bir mənzil mülkiyyətçisinin parklanma xidmətindən istifadəsində
çətinliklər yaradır.
Yaranmış problemin tənzimlənməsi məqsədilə Mənzil Məcəlləsinin
43-cü maddəsinə uyğun olaraq, çoxmənzilli binanın sahə
mülkiyyətçilərinin ümumi yığıncağında binanın ümumi əmlakının
istifadəyə verilməsi haqqında qərar qəbul edilməli, ümumi razılıq
əsasında hündürmərtəbəli binaların parkinq yerindən istifadə
prosedurları müəyyən olunmalıdır.
Yekun olaraq hüquqşünas bildirib ki, çoxmənzilli binanın hər
hansı ümumi əmlakının saxlanması və istifadəsi ilə bağlı
məsələlərin bina sakinlərinin fikirləri nəzərə alınmaqla həll
edilməsi zəruridir.