Humboldt mükafatı alan ilk azərbaycanlı alim Prezident İlham Əliyevə təşəkkür edib

Elm sahəsindəki nailiyyətlərinə görə “Əməkdar elm xadimi” fəxri
adına layiq görülən Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı,
professor, Humboldt mükafatı alan ilk azərbaycanlı Məsud Əfəndiyev
Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, o, Dünya
Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini tarixi
hadisə adlandırıb və bu mötəbər tədbirin iştirakçısı olmaqdan qürur
duyduğunu vurğulayıb: “Dünya Azərbaycanlılarının V Qurultayı
mədəniyyət beşiyi Şuşada baş tutdu. Mən bir elm xadimi kimi iki
dostumun – Nobel mükafati laureatları Əziz Sancarın və Arye
Varşelin Zəfər qurultayına təbrik məktublarını iştirakçıların
nəzərinə çatdırdım. Bu məktublar böyük əks-səda doğurdu. Bu, onu
göstərir ki, biz elm adamları, dostlarımız olan Nobel mükafatçıları
Prezidentimizin ətrafında yumruq kimi birləşmişik, öhdəmizə düşən
işləri yerinə yetirməyə hazır və qadirik. Fürsətdən istifadə edib
mənə göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə
təşəkkür edirəm”.

Məsud Əfəndiyev Prezident İlham Əliyevin qurultaydakı çıxışının
bütün dünyada geniş əks-səda doğurduğunu söyləyib: “Mən dəfələrlə
Azərbaycan Prezidentinin çıxışlarını canlı izləmişəm. Prezidentin
hər çıxışı ibrətamizdir, hər cümləsi Azərbaycanın maraqlarını
özündə ehtiva edir. Şuşadakı çıxış isə inanın ki, tam
səmimiyyətimlə deyirəm, başqa bir aləm idi və Zəfər qurultayının
bütün enerjisini özündə əks etdirirdi. Prezidentimizin bir saatdan
çox birnəfəsə, gülərüzlə çıxış etməsi və diaspor fəaliyyətinə
verdiyi yüksək qiymət müzəffər xalqımızın, Müzəffər Ali Baş
Komandanımızın və rəşadətli Ordumuzun yanında yeni bir ordunun –
diaspor ordusunun da olmasını təsdiq etdi”.

Teqlər: