“Human Rights Watch” Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən bəhs edən hesabat yayımlayıb

“Human Rights Watch” II Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərindən bəhs edən hesabat yayımlayıb.

AzerTimes-ın məlumatına görə, hesabatda bildirilib ki, mühairbənin ilk günü Ermənistanın atdığı mərmi Azərbaycanın Naftalan şəhərində 13 yaşlı Şəhriyar Qurbanovu və onun 14 yaşlı əmisi qızı Fidan Qurbanovanı ailənin digər üç üzvü ilə birlikdə evlərinin həyətindəcə öldürdü, müharibə zamanı daha 10 azərbaycanlı uşaq öldürülüb.

Qeyd edilib ki, döyüşlər zamanı və sonrasında “Human Rights Watch” tədqiqatçıları silahlı qüvvələrin mülki əhalini hücumdan qorumaq üçün beynəlxalq müharibə qanunları çərçivəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirib-yetirmədiklərini öyrənmək üçün araşdırmalar aparıblar.

Bu hesabat 27 sentyabr və 9 noyabr tarixləri arasında gedən döyüşlər zamanı məktəblərə edilən hücumları araşdırır və qarşıdurma zamanı məktəb uşaqlarına dəyən zərərin nəticələrini ortaya çıxarır.

Hesabata əsasən, Azərbaycanda 54 məktəb dağıdılıb və zərər görüb. Bir sıra uşaq baxçası, incəsənət və idman məktəbləri, texnikumlar hücuma məruz qalıb.

Azərbaycanın qədim karvan yolu üzərində yerləşən Tərtər şəhəri döyüşlər zamanı Ermənistan tərəfindən atılan raket və ağır artilleriya zərbələrinə məruz qalıb. Şəhərin əsas küçəsində olan demək olar ki, hər vitrin hücumlar nəticəsində darmadağın olub.

“Human Rights Watch” nəticəyə gəlib ki, erməni silahlı qüvvələrinin dəfələrlə şəhərin sıx məskunlaşmış yerlərinə qeyri-dəqiq, partlayıcı silah sistemlərindən istifadə etməsi hədəflərə fərq qoymadan baş vermişdir və beləliklə, bu, qanunsuz hücumdur.

Tərtər şəhərinin 1 nömrəli məktəbi artilleriya zərbələrinə məruz qalıb. Hücum nəticəsində həyətin qırmızı kərpic divarları üzərində dərin mərmi izləri qalıb, pəncərə çərçivələri və şüşələr sındırılıb, sinif otaqlarına ciddi ziyan dəyib. Dəymiş zərbədən yaxınlıqdakı uşaq bağçası da zərər görüb, pəncərə şüşələri dağılıb. Dəymiş ziyanı araşdırdığımız zaman məktəb gözətçisi məktəblər döyüşlərə görə bağlanmadan öncə 1300 şagirdin məktəbdə qeydiyyatdan keçdiyini deyib.

Tərtərdə 1 saylı məktəbdən bir neçə kilometr aralıda yerləşən 5 saylı məktəb hücuma məruz qalıb. Məktəb direktoru müsahibə zamanı bildirib ki, hücum nəticəsində sinif otaqları, pəncərələr və onlayn dərs vermək üçün müəllimlərin istifadə etdiyi komputerlər darmadağın edilib, elektrik naqilləri kəsilib.

Bir az aralıda yaşayan 30 yaşlı Cavid Ağayevin sözlərinə görə, ən az üç artilleriyanın cəlb edildiyi digər bir hücum oktyabr ayının ortalarında baş verib və atılan mərmi Şıxarx orta təhsil məktəbini və eyni küçədə yerləşən musiqi məktəbini dağıdıb.

Hesabatda deyilir: “Noyabr ayının əvvəllərində Tərtərdə kimliyinin açıqlanmasını istəməyən yüksək vəzifəli məmurla görüşdük. O, boz və zeytun rənglərinin kamuflyajından ibarət forma geyinmişdi. O, bizi şəhərin mərkəzində regional mərkəzin altında yerləşən zirzəmiyə apardı və bizə orada müharibə zamanı dəyən ziyanla bağlı uzun bir siyahı oxudu. Onun sözlərinə görə, on dörd dövlət məktəbi, üç uşaq bağçası və bir peşə məktəbi zədələnib və ya dağıdılıb. Hadisələr zamanı 17 mülki vətəndaş öldürülüb və 114.000 sakindən 10.000-i ərazidən evakuasiya edilməli olub. Biz Tərtərdə zərər görmüş məktəbləri ziyarət etdik və 5 hücum nəticəsində dəymiş ziyanın şahidi olduq.

Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Kənd Təsərrüfatı Universitetində baytarlıq fənni üzrə dərs deyən Dr. K. Məmmədova bizə hücumun dəqiq tarixini 5 oktyabr səhər 2:37 radələrində olduğunu qeyd edib və hücum zamanı öz keçmiş məktəbi olan 4 saylı orta məktəbin dağıdıldığını vurğulayıb.

Məktəbin arxa girişinin qarşısındakı küçəyə düşən artilleriya raketi Rusiya istehsalı Smerch (Tornado) olub, milli Minatəmizləmə Agentliyi bildirib. Qeyd edilib ki, Smerch 7,6 metr uzunluğunda olub, 258 kiloqram yüksək partlayıcı daşımaq qabiliyyətində olub. Partlayış məktəbin arxa qanadındakı pəncərələri və qapıları, sinif otaqlarını dağıdıb və daxili həyətin qarşı tərəfindəki otaqların pəncərələrinı sındırıb.

Gözətçinin sözlərinə görə, məktəbdə 3200 şagird qeydiyyatdan keçib”.

8 oktyabr

Şahidlər bildirir ki, saat 11 -də başqa bir Smerch raketi Azərbaycanın üçüncü böyük şəhəri olan Bərdədə 5 nömrəli orta məktəbin həyətinə düşüb. Məktəb 1500 şagirdə bağlı olsa da müharibə nəticəsində evlərindən didərgin düşmüş 300 nəfər üçün sığınacaq kimi fəaliyyət göstərib. Məktəb direktoru Teymur Həmidov bildirib ki, hücum zamanı 15 müəllim və digər heyət üzvləri məktəbdə olub. 5 nəfər xəsarət alıb.

Həmidovun sözlərinə görə, raket ölümcül döyüş başlığını mümkün ki, yerə dəymədən öncə sərbəst buraxıb, o, yarı yerə batmış və quyruğu “üç metr yuxarıya doğru havada” olub.

14 oktyabr

Səhər saat 10-da iki ağır artilleriya raketi Tərtərin iki kilometr uzaqlığında yerləşən Düyərli kənd məktəbinin həyətinə düşüb. Üçüncü raket məktəbin damına dəyərək beş sinif otağını yararaq keçib və bütün məktəbi yandırıb.

Əlli yeddi yaşlı müəllimə Arzu Quliyeva hadisə zamanı yolun digər tərəfində yerləşən evində olub. Raketin qalıqları onun damına da dəyib və yanğın başlayıb. Quliyevanın həyat yoldaşı yanğınsöndürmə xidmətinə zəng vurmağa çalışıb, lakin telefon xətti hücum nəticəsində kəsilib. Onun dediklərinə görə, o, yoldan keçən maşınlara qışqıraraq yanğınsöndürənləri köməyə çağırmasını xahiş edib.

Sakinlər və yanğınsöndürənlər alovlarla mübarizə aparmaq üçün təzəcə toplaşıblar ki, dördüncü raket atılıb. Yerli nümayəndə hücum nəticəsində yaralanan yeddi mülki vətəndaşın adını açıqlayıb.

Həyat yoldaşı məktəbin müəllimi olan 44 yaşlı Namiq Süleymanov bizə məktəbin həyətyanı ərazisində artilleriya mərmisinin yaratdığı iki krateri göstərib. Biz, eyni ərazidə hələ də qalmaqda olan mərmi parçalarının şahidi olduq. Məktəbin arxasında biz L şəkilli xəndək gördük. Süleymanovun sözlərinə görə, bu, sığınacaq olub. Hücumlar səbəbindən bu qorunmaq planı ləğv edilmişdi.

Bir məktəbi və ya mülki ərazini qəsdən hədəfə almaq müharibə cinayəti sayılır.

17 oktyabr

Saat 1.30 radələrində iki Scud-B ballistik raket Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni vuraraq 21 nəfərin ölümünə səbəb olub. İlk partlayış Muxtar Hacıyev küçəsindəki evləri dümdüz edərək 250 metr aralıda yerləşən 29 saylı orta təhsil məktəbini və 10 nömrəli uşaq bağçasını dağıdıb. Zərbə hətta 850 metr aralıda yerləşən 18 saylı məktəbin pəncərələrini sındırıb. Hücum zamanı 10 mülki vətəndaş evlərində həlak olub. Onların dördü 29 saylı məktəbin şagirdləri olub – 11 yaşlı Orxan, onun bacısı 6 yaşlı Məryəm, həmçinin onların digər bacısı və anası; nənəsi tərəfindən himayə edilən 13 yaşlı Artur və digər 4 ailə üzvləriylə birlikdə həlak olan 14 yaşlı Nigar.

Məktəbin həyəti şüşə qırıntıları, dağılmış taxta pəncərələrin qalıqları və sınmış parta və oturacaqlarla dolu idi. Dağıntıları qeydə alan məktəbin rəhbərliyi bizə bildirdi ki, məktəb evləri dağılmış şagirdlərlə əlaqəni itirib: “Onların indi harda olduğunu təsbit etmək asan deyil və bu səbəbdən onları distant təhsillə təmin edə bilmirik.” Məktəb digər tələbələr üçün onlayn tədris üsulu ilə təhsili davam etdirməyə cəhd edirdi.

Scud-B raketləri özləri ilə birlikdə təxminən 1000 kiloqram həcmində yüksək partlayıcı daşıya bilər. 1960 ci ildə Sovet İttifaqında istehsal edilən raketlərin təxminən 100 metrə yaxın qeyri-dəqiq radiusu var. Bu tip silahlar qeyri-dəqiq hesablamayla daha geniş ərazini dağıtmaq gücünə sahibdir.

2 noyabr

Ermənistanla təmas xəttindən bir neçə kilometr məsafədə yerləşən Azərbaycanın Ağdam rayonunun Məhrizli kəndində raket səhər saat 6 radələrində kəndin yeganə məktəbinin sinif otaqlarını vurub. Hücum zamanı məktəbin divarları, qapısı, pəncərələri və ləvazimatlar dağılıb. Oktyabrın 10-da baş vermis digər bir artilleriya hücumu artıq məktəbin həyətini vurub ziyan yetirmişdi. Məktəbin 300 şagird və 35 müəllim heyəti var idi.

Atəşkəsdən sonra

Noyabrın 9-da Azərbaycan hərbi qüvvələri Şuşa (Bu şəhər 1990-cı illərin əvvəlindən başlayaraq ermənilərin nəzarətində olub) şəhərinə nəzarəti ələ aldıqdan sonra Azərbaycan prezidenti və Ermənistan baş naziri Rusiyanın vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalayıb və bununla döyüşlərə son qoyulub.

Azərbaycan 6-həftəlik müharibədən sonra nəzarətə aldığı ərazilərin yenidən bərpası üçün 2.2 milyard manat (US $1.29bn) ayırıb. İlkin 7 milyon manat dağılmış məktəblərin təmirinə ayrılıb. Azərbaycan təhsil naziri bizə bildirib ki, “uşaqlar üçün əlverişli şəhərlər” tikmək üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edəcəklər. Ərazilər basdırılmış minalarla doludur və infrastrukturun böyük hissəsi dağılıb. 1990 -cı illərdən bəri mina qurbanlarının dörddə birindən çoxu uşaqlar olub.

Hesabatda o da qeyd edilir ki, ABŞ hərbi strateqləri, deyilənlərə görə, Azərbaycanın döyüş meydanında uğur qazanmasında rolu olan Türkiyə və İsrailin pilotsuz uçuş vasitələrinin – dronların oynadığı rolu öyrənirlər.

Teqlər: