49. Hucurat surəsi
﴾1﴿Ey iman gətirənlər! (Sözləriniz, iş və hərəkətlərinizdə) Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
﴾2﴿Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın! Yoxsa, özünüz də bilmədən, əməlləriniz puç olar.
﴾3﴿Həqiqətən, Allahın Peyğəmbəri yanında astadan danışanlar (səslərini asta çıxardanlar) o kimsələrdir ki, Allah onların ürəklərini təqva üçün imtahana çəkmişdir (möminliyə layiq etmişdir). Onları (günahlardan) bağışlanma və böyük mükafat (Cənnət) gözləyir!
﴾4﴿(Ya Peyğəmbər!) Şübhəsiz ki, səni otaqların arxasından çağıranların çoxusunun ağlı kəsmir!
﴾5﴿Əgər onlar sən qarşılarına çıxıncaya qədər səbr etsəydilər, (bu, Allahın yanında) onlar üçün, əlbəttə, daha yaxşı olardı. Allah (tövbə edənləri) bağışlayandır, rəhm edəndir!
﴾6﴿Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!
﴾7﴿(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır. Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!
﴾8﴿Bu isə Allah dərgahından olan lütf və nemət sayəsindədir. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
﴾9﴿Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə (itaətinə) qayıdana qədər vuruşun. (Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!
﴾10﴿Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!
﴾11﴿Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və i. a.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)
﴾12﴿Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!
﴾13﴿Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır.
﴾14﴿(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” – deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır (çünki iman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahiri əməl deməkdir). Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz (mükafatınızı layiqincə verər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
﴾15﴿Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!
﴾16﴿(Ya Peyğəmbər! Bu bədəvilərə) de: “Siz dininizi (həqiqi müsəlman olduğunuzu) Allahamı öyrədirsiniz?” Halbuki Allah göylərdə və yerdə nə varsa, (hamısını) bilir. Allah hər şeyi biləndir!
﴾17﴿Onlar islamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə, əslində Allah sizin boynunuza minnət qoymuş olur!”
﴾18﴿Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. Allah sizin nə etdiklərinizi görəndir!