Ermənistanın Baş naziri Nikol Paşinyanın Böyük Britaniyanın “Teleqraf” nəşrinə müsahibəsi Azərbaycanda da geniş müzakirə olunur. Paşinyan yenə müxtəlif müavilələrdən danışır və guya həmin müqavilələr əsasında Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Paşinyanın nəzərdə tutduğu həmin müqavilələr əsas götürülsəydi, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamamılıydı:
“Azərbaycanın timsalında beynəlxalq hüquq və müqavilələr işləmədi, indi isə Paşinyan Ermənistanın timsalında beynəlxalq hüququn və müqavilələrin işləməsini istəyir. Gecdir.
Paşinyan müsahibəsində ölkəsinin NATO üzvü olmayacağını da deyib. Ermənistan təşkilata üzv ola bilməyəcəksə, niyə üzvlüyü qarşısına hədəf qoymalıdır? Bu mənada Paşinyan Gürcüstan və Ukrayna torpaqlarının işğalından dərs alıb. Onlar da illər öncə NATO üzvlüyünü qarşılarına hədəf qoydular və… özləri hədəf oldular. Ancaq Paşinyanın çətinliyi ondadır ki, “Rusiya artıq müttəfiqimiz deyil” deməklə bərabər, Qərbdən gərəkən təhlükəsizlik təminatı almadığına da işarə vurub. Təsadüfi deyil ki, ingilis jurnalist Paşinyanın bu durumunu nəzərə alaraq ona belə bir sual da verib: “Azərbaycanla üçüncü müharibədən qorxursunuzmu?” O, bölgədə güc nisbətinin Ermənistanın zərərinə olduğu anladığına görə cavabda suala dəxli olmayan sözlər işlədib. Paşinyan onu da deyib ki, guya Azərbaycanla Ermənistan bir-birinə qarşı gücdən istifadə etmədiklərinə dair sənəd imzalayıb. Əlbəttə, Azərbaycan Ermənistanla yeni müharibə istəmir, ancaq 8 kəndini geri qaytarmaq təşəbbüslərindən də imtina etməyəcək”.