Bir neçə gün öncə “HTC” şirkəti özünün yeni flaqmanı olan HTC U11-i təqdim etdi.
Təqdim olunmuş yeni smartfon, istifadəçiyə Edge Sense adlı tamamilə yeni və qeyri-adi qarşılıqlı əlaqəni təqdim edir. Belə ki, bu funksiya vasitəsilə istifadəçi, smartfonun müəyyən hissələrini sıxaraq bu və ya digər əməliyyatı yerinə yetirə bilər. Dizayn baxımından yeni smartfon, HTC 10-a bənzəyir. Cihazın aşağı hissəsində USB Type-C girişi ilə birlikdə səsgücləndirici yerləşdirilmişdir. Gözlənildiyi kimi standart 3.5 mm-lik audiogiriş hissəsi yeni smartfonda yoxdur.
Şirkətin öz istehsal etdiyi qulaqlıqlar isə hər bir istifadəçinin istəyinə uyğunlaşır və səsboğucu sistem ilə təchiz olunub. Bundan əlavə olaraq HTC U11, IP 67 standartına uyğun olaraq tozdan və su damcılarından qorunur. Lakin buna baxmayaraq smartfon suya düşən zaman zədələnə bilər. Edge Sense, smartfonun kənar hissələrində yerləşən təzyiq ötürücüləridir. İstifadəçi smartfonun korpusunu sıxan zaman istifadəçi tərəfindən öncədən müəyyən təzyiq səviyyəsinə uyğun seçdiyi əməliyyat işə düşür. Sadə sözlə desək ötürücülər bir növ düymə rolunu oynayırlar. Məsələn korpusu sıxan zaman hansısa tətbiqi işə salmaq olar. Korpusun müxtəlif tərzdə sıxılması, müxtəlif əməliyyatların işə düşməsini təmin edir. İstifadəçilər həmçinin korpusu sıxma prosesinin gücünü də tənzimləyə bilərlər.
Öz texniki göstəricilərinə əsasən HTC U11 əsl flaqman adına layiqdir. Belə ki, o, 5.5 inç Super LCD ekran (3D Corning Gorilla Glass qoruma şüşəli), 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 özəllikli), 12 MP-lik HTC UltraPixel 3 arxa kamera (4K videoçəkiliş, təsvirin optik və elektron stabilizasiya sistem özəllikli) və Full HD videoçəkiliş özəllikli 16 MP-lik ön kamera ilə təchiz olunub. HTC U11 artıq bir sıra bazarlarda satışa çıxıb. Onun qiyməti isə 650$ təşkil edir.