Xəbər - Samir Əli – Trend:
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Suraxanı rayonunun 50 km-ə yaxın qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18.5 km olan qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, Suraxanı rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Hövsan qəsəbəsinin Bağça küçəsi idi ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən burda əsaslı yenidənqurma işləri icra olunur.
Uzunluğu 2700 metr, ortalama eni isə 5 metr təşkil edən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.
Sözügedən küçədə təmir işləri 13500 kv.m-ə yaxın sahədə aparılır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun şəkildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.