Xəbər - Elçin Mehdiyev – Trend:
Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olublar. Bu, cənab Prezidentin işğaldan azad edilmiş rayonlara növbəti səfəri idi. Xatırladım ki, bundan öncə də cənab Prezident işğaldan azad edilən bir sıra rayonlarda, o cümlədən Şuşa şəhərində olub. Lakin 14 fevral tarixli səfər əvvəlki səfərlərdən bir sıra xüsusiyyətlərinə görə seçilir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, əgər bundan əvvəlki səfərlər daha çox işğaldan azad edilmiş rayonlar, oradakı vəziyyətlə tanışlıq xarakteri daşıyırdısa, budəfəki səfərdə ölkə başçısı konkret layihələrin icrası ilə tanış oldu, həmçinin yaxın gələcəkdə həyata keçiriləcək layihələr haqqında ətraflı məlumat verdi:
“Ölkə başçısı Laçının Güləbird kəndində Su Elektrik Stansiyasının açılışında iştirak etdi.
Habelə, bildirildi ki, Laçında dağıdılmış daha 4 SES bərpa ediləcək, Kəlbəcər rayonu ərazisində isə 12 SES yenidən qurulacaq, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyaları tikiləcək. Beləliklə də qısa zamanda işğaldan azad olunmuş ərazilərdə generasiya gücü 240 meqavata çatdlrlacaq ki, bu da böyük gücdür.
Ümumiyyətlə vurğulandığı kimi Kəlbəcər-Laçın zonası bərpa olunan enerji mənbələrinin yaradılması, su elektrik stansiyalarının tikintisi üçün əlverişli təbii şəraitə malikdir. Vaxtilə bu ərazilərdə çoxsaylı stansiyalar qurulub, işğal düvründə ermənilər onlardan istifadə ediblər. Lakin kapitulyasiyadan sonra bütün stansiyalar dağıdılıb və yararsız hala gətirilib. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə bütün stansiyaları bərpa edəcək, yeniləri tikiləcək”.
Deputat bildirib ki, səfər zamanı ölkə başçısı həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, Zəngilan rayonunun Ağalı kəndində birinci “ağıllı kənd” layihəsinə start verildiyini bildirdi:
“Prezidentin bu səfəri zamanı bəlli oldu ki, eməni işğalı zamanı darmadağın edilən, daşı-daş üstündə qalmayan bu ərazilərdə Azərbaycan dövləti yaxın gələcəkdə böyük işlər, iri layihələr həyata keçirməyə hazırlaşı. Bura smart-şəhər və smart-kəndlərin salınması, dağıdılmış infrastrukturla yanaşı, həm də təbiətin bərpası, müasir sənaye müəssisələrinin yaradılması və s. daxildir. Yəni Azərbaycan dövləti öz quruculuq siyasəti ilə də bu torpaqların gerçək sahibi olduğunu dünyaya göstərir. Onu da bildirim ki, Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpaolunan enerji ilə təchiz ediləcək, eyni zamanda Qarabağ “yaşıl enerji” zonasına çevriləcək.
Təməli qoyulan Horadiz-Zəngilan-Ağbənd dəmir yolu isə strateji əhmiyyətə malikdir. Belə ki, bu dəmir yolu azad edilmiş torpaqlara vətəndaşların gəlməsini, yüklərin daşınmasını, həm də Naxçıvanla əlaqəni təmin edəcək. Bununla da Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, ölkəmizin strateji, iqtisadi və siyasi məqsədləri həyata keçiriləcək. Digər tərəfdən bu dəmir yolu Türkiyəyə qədər uzanacaq və beləliklə BTC-dən sonra Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.
Bir sözlə, ölkə başçısının bu səfəri konkret layihələrin həyata keçirilməsi, yaxud onlara hazırlıq məqsədi daşıyırdı. Bu isə təbii ki, hər bir azərbaycanlının sevindirir, onda qürur hissi doğurur”.