“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqları hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 23 iyun tarixində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Füzuli rayonunda yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 ha sahəsi 5 LOT üzrə, Goranboy rayonunda yerləşən “Qarasuçay” qum-çınqıl yatağının 43 ha sahəsi 4 LOT üzrə hərraca çıxarılacaq.

“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə bağlı hərrac iddiaçıları iştirakla bağlı sənədləri 11 iyun 2021-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3vhvwgi) və Özəlləşdirmə portalında (https://bit.ly/3bNz0j9) tanış olmaq mümkündür.

Teqlər: