Horadiz-Ağbənd dəmir yolunun tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir (FOTO)

Horadiz. Trend:

Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə və tikinti
işləri, həmçinin texniki nəzarət Azərbaycan və Türkiyə şirkətləri
tərəfindən yerinə yetirilir.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, dəmir yolu xəttinin ox
üzrə uzunluğu 110,4 km-dir. Layihə çərçivəsində Horadiz, Mərcanlı,
Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd
olmaqla ümumilikdə 9 stansiyanın inşası planlaşdırılır. Eyni
zamanda bu istiqamətdə 300-ə yaxın suni mühəndis qurğusunun, o
cümlədən 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd
yolötürücünün tikintisi nəzərdə tutulur.Dəmir yolu xəttində tikinti
işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 82 km
ərazi minalardan təmizlənib.

Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.

I mərhələ 30 km-lik ərazidə aparılmaqla, Horadiz, Mərcanlı,
Mahmudlu və Soltanlı stansiyalarını əhatə edir. Burada torpaq
işləri 97%, suni qurğular 93%, dəmir yolunun üst quruluşu
elementləri isə 80% həcmində tamamlanıb. Bu mərhələ ümumi icra
vəziyyəti 89% təşkil edir.​

II mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını
əhatə edir və 30 km-dən 85 km-ə qədər ərazidə həyata keçirilir. Bu
mərhələdəki işlərin ümumilikdə 17 faizi icra olunub. Torpaq işləri
20%, suni qurğular 22%, dəmir yolunun üst quruluşu elementləri isə
5% həcmində yerinə yetirilib.
III mərhələ: Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4
km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan
təmizləmə işlərinə hazırlıq görülür.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 14-də
təməli qoyulan layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə
tutulur.

Teqlər: