Horadiz-Ağbənd dəmir yolu xəttinin birinci mərhələsi üzrə işlər 90 faiz tamamlanıb

Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi
üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 %-i tamamlanıb.

Trend ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin
mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının
İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat,
rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupuna istinadən xəbər
verir.

Məlumata görə, layihənin II mərhələsi üzrə Soltanlı, Qumlaq,
Həkəri və Mincivan stansiyalarını əhatə edən 55 km yolun tikintisi
işləri sürətlə şəkildə davam etdirilir.

Hazırda Horadiz stansiyasından çıxan işçi qatarlar Mərcanlı,
Mahmudlu, Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət
edə bilir və tikinti üçün zəruri olan mal-materialın təminatı işini
həyata keçirir. Hazırkı mərhələdə 1 ədəd tunel, 15 ədəd körpü, 7
ədəd yolötürücü, 4 ədəd avtomobil alt keçidi, 161 ədəd suötürücü
boru, 70 ədəd ehtiyat keçidinin tikintisi nəzərdə tutulub. Bu
mərhələ üzrə torpaq işlərinin 28%-i, suni qurğuların 33%-i, dəmir
yolunun üst quruluşu elementlərinin isə 20%-i tamamlanıb.

2021-ci ilin fevral ayında ölkə prezidentinin təməlini qoyduğu
Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil
edir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. I mərhələ
Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, II
mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə
etməklə 55 km, III mərhələ isə Mincivandan başlayaraq Bartaz və
Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir.

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu,
Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel,
41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə
300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Dəmir
yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel
aparılır və indiyə qədər trassa üzrə 82 km ərazi minalardan
təmizlənib. 3-cü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları
arası 85-110,4 km-lik ərazini əhatə edir. Hazırda həmin ərazidə
minalardan təmizləmə işlərinə hazırlıq görülür.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə
yekunlaşdırılması nəzərdə tutulub.

Teqlər: