Ölkə Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş rayon və bölgələrimizə davam edən səfərləri və ən əsası da bu səfərlər zamanı həmin ərazilərdə gedən quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin əsasının birbaşa dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edir.
Bu sözləri AzerTimes-a Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
Əməkadşımızın suallarını cavablandıran millət vəkili ilk növbədə bildirib ki, fevral ayının 14-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolunun çəkilişi Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bir layihənin başlanğıcı kimi qiymətləndirilməlidir: “İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər etməklə bu ərazilərin də Azərbaycana aid olduğuna və xalqımızın bu torpaqlara artıq əbədi döndüklərinə dair növbəti dəfə bütün dünyaya açıq və net şəkildə mesaj ünvanlamış oldular. Məlumdur ki, bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulması isə görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. O cümlədən Füzuli rayonunda olarkən möhtərəm Prezidentimiz Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən əsası da bu xətt Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bildiyiniz kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, habelə Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat ölkəmizin öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsinin Azərbaycanın tam qələbəsilə başa çatmasını hüquqi cəhətdən təsdiq etməklə yanaşı, həm də özündə müharibədən sonrakı dövr üçün regionun iqtisadi inkişafına dair mühüm məqamlar əks etdirir. O cümlədən Bəyanatın 9-cu maddəsində qeyd olunur ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Başqa sözlə desək Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək. Artıq dünən, fevral ayının 14-də Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoymaqla 10 noyabr Bəyanatının həmin maddəsinin icrasına start verdi. Heç şübhəsiz bir müddət sonra biz hamımız birbaşa Naxçıvana aparan dəmiryolu xəttinin açılışının da şahidi olacağıq”.
Daha sonra AHİK sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlanması bu rayon və bölgələrimizin ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevriləcəyindən xəbər verir:
“Ölkə Prezidenti cənab İlham Əliyev Zəngilanda olarkən bildirdi ki, artıq bu rayonda birinci “ağıllı kənd” layihəsinin icrasına start verilib. Bu layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. Məlumdur ki, dövlətimizin başçısı öz çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. İşğaldan azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması, xüsusən də bu ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması həmin rayon və bölgələrimizi ən yüksək standartlara cavab verən müasir yaşayış məkanlarına çevirəcək. Etiraf etmək lazımdır ki, bu gün pandemiya şəraitində bütün dünya iqtisadiyyatında böyük problemlərin yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu təşəbbüsü bir daha dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir.”