Hollandiya XİN Azərbaycanın müxalifət partiyalarını saxta sənəd verməkdə günahlandırıb

Ramin Hacılı, Qənimət Zahid, Arif Hacılının, Müsavatın Avropa koordinasiya mərkəzinin adları Hollandiya Xarici İşlər Nazirliyinin (XİN) 99 səhifəlik rəsmi sənədində hallandırılıb.

AzerTimes-ın məlumatına görə, Hollandiya Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı xüsusi məruzə hazırlayıb. Sənəd 99 səhifədən ibarətdir və burada Azərbaycanda siyasi, iqtisadi və sosial, o cümlədən insan hüquqlarının təmin olunması ilə bağlı vəziyyəti əks etdirən ümumi məlumatlar əks olunub.

Sənəddə diqqət çəkən məqamlardan biri də Azərbaycanda həm daxildə, həm də xaricdə istifadə etmək üçün vətəndaşlara saxta sənəd verilməsi biznesi ilə bağlı gedən informasiyalardır.

Həmin məlumatlar hesabatda “Şəxsiyyət, vətəndaşlıq və sənədlər” adlı 2-ci bölmənin, 2.1.4, 2.1.4.1 və 2.1.4.2. bəndlərində öz əksini tapıb. Sənədin 2.1.4. bəndi -“Sənəd saxtakarlığı” adlanır.

Hesabatda diqqəti cəlb edən məlumatlardan biri də Azərbaycandan köçən miqrantlarla bağlı yol verilən fırıldaqlar haqqındadır. Sənəddə bununla bağlı informasiyaların ən çox 2015-ci ildən sonra çoxaldığı bildirilir.

Hollandiya XİN-in sənədində Avropa gənclər hərəkatının rəhbəri Ramin Hacılının adı çəkilir. “Meydan Tv”yə istinadən onun turistik agentliyi vasitəsilə 100-dən çox adamın turist adı ilə xaricə getdiyi, əslində isə Hacılının onlara orada miqrant kimi qalmağa kömək göstərdiyi yazılıb.

Sənədin 2.1.4.2-ci bəndi “xaricdə sığınacaq almaqla bağlı fırıldaqlar” adlanır. Burada yer alan məlumatlar əsasən, “Meydan tv”, “Turan” informasiya agentliyi,və digər media qurumları və rəsmi dövlət qurumlarından alınan informasiyalardır.

Sənəddə 2015-ci ildən bəri müxalif Müsavat Partiyasının üzvlərinin üzvlük vəsiqələrinin və tövsiyə məktublarının qanunsuz hazırlanması və ya verilməsi barədə məlumatların yayılmasından bəhs edilir. “Meydan TV”nin məlumatına görə, tələb olunan sənədlər əsasən qaçaq yollarla gətirilib. Digər mənbələr isə sığınacaq almaq üçün hətta yerli polis və məhkəmələrdən rüşvət yolu ilə sənəd (guya onların Azərbaycanda təzyiqə məruz qalmasını göstərən-red.) alındığını qeyd edir. Bundan başqa, sığınacaq axtaranların Azərbaycan Xalq Cəbhəsi Partiyasının saxta sənədlərindən istifadə etdikləri yazılıb.

Hollandiya XİN-in sənədində Müsavat partiyası başqanı Arif Hacılının 5 il ərzində 197 şəxsə tövsiyə məktubu verməsi barədə məqamlar yer alıb.

Sənəddə 2019-cu ilin noyabr ayının 13-də Almaniya polisinin Köln, Frankfurt və Düsseldorf şəhərlərində yerləşən 13 müxtəlif ofis və evlərə basqın təşkil etdiyi, burada həmin yerlərdə partiya biletlərinin, tövsiyə məktublarının və möhürün aşkar olunduğu qeyd olunub. Məlumatda Müsavatın Avropa koordinasiya mərkəzinin də bu hadisələrdə adı çəkilir.

Bundan başqa, sənəddə 2020-ci ilin fevralında Əlövsət Əliyevin həbsdən azad olunması ilə bağlı məlumatlar göstərilib. Onun Azərbaycanda vaxtilə Daxili İşlər Nazirliyinin pasport idarəsinin rəhbəri olduğu qeyd edilir. Almaniyada “Leqat inteqrasiya mərkəzi”nə rəhbərlik edən bu adam haqqında 2015-ci ildə Azərbaycan prokurorluğunun cinayət işi açdığı bildirilir.

Həmçinin qeyd olunub ki, Fransada yaşayan jurnalist Qənmət Zahidin adı sığınacaq hüququnun əldə edilməsi ilə bağlı saxta sənəd işinə qarışıb. Lakin bununla əlaqədar Azərbaycanda hər hansı cinayət işi açılmadığı, buna görə də informasiyanın təsdiqlənməsinin mümkün olmadığı vurğulanır.

Sənədin orijinal variantı:

https://www.rijksoverheid.nl/binaries/rijksoverheid/documenten/ambtsberichten/2021/09/14/algemeen-ambtsbericht-azerbeidzjan-van-september-2021/Algemeen+ambtsbericht+Azerbeidzjan+2021-09.pdf

Teqlər: